Xəbər lenti

Tərəkəmələrin yurd yeri, sürücülərin məskəni, türklərin şəhid olduğu Digah (FOTOLAR)
Ölkə08:35 11.04.2022

Tərəkəmələrin yurd yeri, sürücülərin məskəni, türklərin şəhid olduğu Digah (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı kəndində bir gün...
Qaynarinfo yeni layihəyə başlayır. "Bakı kəndində bir gün”dür layihəmizin adı. Bakının "ənənəvi kəndləri”ndə olacağıq, bu yerləri, tanış olduğumuz insanları tanıtmağa çalışacağıq. İnsanlar bura necə gəlib, burda necə yaşayıb, indiki dərd-sərləri nədir - bunları aydınlaşdırmağa səy göstərəcəyik. 
Abşeron yarımadasındakı sənayeləşməyə qədər Bakıda 32-dən çox yaşayış məskəni olub. 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. 2018-ci il statistikasına əsasən, Bakı şəhərinin inzibati ərazisi daxilində 59 qəsəbə var.
Layihə çərçivəsində ilk səfərimiz Digah qəsəbəsinədir. 
Digah təkcə Bakının yox, ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qəsəbənin əsasını tərəkəmlər qoyub. Ağsaqqalların dediyinə görə, digər ərazilərdə qoyun sürüləri olan tərəkəmələrin burda da təsərrüfatı var imiş. Bəlkə də elə buna görə, yerin adı Digahdır. Ad vaxtilə Bakı kəndlərində danışılan tat dilindədir. "Digah" - "Dü” - iki, ikinci, "Gah” - yer deməkdir. Yəni, "İkinci yer". Başqa bir versiyaya görə, Digah iki dağ arası deməkdir. 
Kəndin əsasını tərəkəmələr qoysalar da, sonradan bura Cənubi Azərbaycandan şahsevən tayfasının davamçıları da gəliblər. 
Qəsəbə ağsaqqalı, 75 yaşlı Zahir Ağayev deyir ki, məscidin tikilməsindən sonra bura üz tutanların sayı artmağa başlayıb. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur, Mədəniyyət Nazirliyinin məscidə təqim etdiyi lövhədə abidənin 9-cu əsrə aid olduğu barədə qeyd var. Amma ağsaqqal məscidin 15-ci əsrdə tikildiyini vurğulayır. Digahda qızların və oğlanların ayrı oxuduğu mədrəsələr də olub. 
Burada bir neçə qədim tikili, yeraltı hamam olsa da, onlardan yalnız biri qalıb. Bircə, yeraltı hamam. 
Digahda vaxtilə mühüm əhəmiyyətə malik yol da varmış. Məlumatlı adamlar deyirlər ki, bir çox ünvanlara, hətta Məkkəyə ziyarətə gedənlər belə bu yoldan keçirmiş.  
Digahda yaşayanların başqa bir dügahı da olub. Hava qızmağa başlayan kimi camaat Pirşağıdakı, Kürdəxanıdakı bağ evlərinə köçürmüşlər. Elə bu köç də bir dəfə kənd camaatını ölümdən xilas eləyib. 1918-ci ildə ermənilər bura da hücum edibmişlər. Amma camaat bağ evlərində olduğundan onlara zərər verə bilməyiblər. Buna baxmayaraq, erməni xisləti özünü göstərib. Evləri dağıdıblar, evlərdəki əşyaları məhv ediblər.
Zahir Ağayev anasını dilindən maraqlı bir əhvalat danışır. Deyir, anasının Fransadan gəlmiş sini qabları varmış, çırtma vuranda bir dəqiqə səs gəlirmiş, ermənilər tügəngin qundağı ilə hamısını qırıblar. Sanki kənddə adam tapmamağın qisasını sini qablardan alıblar.
Ağsaqqalın sözlərinə görə, ermənilər Kürdəxanıya da üz tutublar. Bundan xəbər tutan camaat səngər qazıb, düşmənə layiqli cavab verməyə hazırlaşırmışlar. Bir-biri ilə yola getməyən iki qoçu olub, birinin adı Balabəy, o birinin adı Adil. Onlar aralarındakı inckiliyi bir kənara qoyub, erməniyə qarşı birgə mübarizə haqqında razılığa gəlirlər. Ermənilər Kürdəxanıya girə bilməyib. Ermənilərin Bakını kəndlərində at oynatmaq istədiyini eşidən Nuru Paşa isə onların dərsini vermək üçün əraziyə dəstə göndərir. Erməniləri zərərsizləşdirmək məqsədilə Digaha top da atılıb. Onların dediyi söz isə indi də yaddaşlardan silinməyib: "Bu türkün topudur”. Düşməni torpaqlarımızdan rədd edən türklərdən 9-u şəhid olub. Bu gün Digah kəndində o şəhidlərin xatirəsinə abidə var. Yeri gəlmişkən, 44 günlük müharibədə, torpaqlarımızın işğaldan azad olunması uğrunda Digah qəsəbəsi də 6 şəhid verib. Qəsəbədə onların xatirəsinə şəhid bulağı tikilib. 
1918-ildən keçək Sovet hakimiyyəti illərinə... Vaxtilə burada məskən salmış tərəkəmələr həm də taxıl əkirmiş. Bir zamanlar buranın taxılı çox məşhur imiş. Qəsəbə ağsaqqalı 75 yaşlı Zahir Ağayevin dediyinə görə, bir çox yerlərdən bura taxıl almaq üçün gəlirmişlər, aclıq vaxtlarında belə digahlılar çox əziyyət çəkməyib, buranın taxılı həm onları, həm də qonşu kəndləri sağ saxlayıb. 
Ötən əsrin 60-cı illərinə qədər camaat məhz taxılçılıqla dolanıb. 60-cı illərdə isə vəziyyət dəyişib. 1957-ci ildə Samur-Abşeron kanalının istismara buraxılması ilə əlaqədar Novxanı, Fatmayı və Digah kəndlərinin sahələrində üzümçülük sovxozlarının salınmasına qərar verilir və beləliklə digahlıların taxıl yerləri üzüm sahələri ilə əvəz olunur. Onlar da üzüm sahələrində işləməyə başlayırlar. Sovet hökuməti digahlıların bağ evlərini əllərindən alır. Onları daha bir qazancdan, bağ evlərinin, həyətlərinin məhsulunu satmaqdan məhrum edir. 
Zahir Ağayev deyir ki, o vaxtlar insanların 50 faizi sovxozda, 50 faizi isə neft mədənlərində çalışıb. 
Ağsaqqal bir maraqlı məqama da toxundu. Digah elə indiyə qədər də mühafizəkar yer sayılır. Elə bunun nəticəsidir ki, 60-cı illərə qədər Digahda qadınları işləməyə qoymayıblar. Xanımlar əsasən ev işləri ilə məşğul olub. 60-cı illərdə isə buz əriməyə başlayıb. Əslən bu kənddən olan xanımlar zaman-zaman müxtəlif yüksək vəzifələrdə də çalışıblar. 
Digah həm də sürücüləri ilə məhşurdur. Bir zamanlar vəzifəli şəxslər öz sürücülərini məhz bu kənddən seçirmiş. Zahir Ağayev deyir ki, indinin özündə hər yüz nəfərdən yetmişi sürücüdür. Bu gün bir çox marşrutlarda məhz bu qəsəbədən olan sürücülər çalışır. 
Ağsaqqal bildirir ki, Digah həddindən artıq sakit yerdir. Heç kimin heç kimlə işi olmaz. Kimlərsə arasında narazılıq olsa, kənara sızmasına imkan verməzlər. Digahda kimsə polisə şikayət etməz, hüquq-mühafizə orqanları ilə işi olmaz. Onlar bir-biri ilə vuruşmaz, heç kimə pisliyi dəyməz, qonağa böyük hörmətlə yanaşarlar. Ağsaqqal belə deyir. Kiminsə söz-söhbəti olanda məhəllənin ağsaqqalı yoluna qoyur hər şeyi. İcra başçıları da hər dəfə deyirmişlər ki, nə yaxşı Digah kimi sakit yer var, onların heç vaxt polisə işi düşməyib. 
Digahlılar dindar camaatdır. Hətta Sovet dövründə belə gizli ibadət ediblər. İndi də burda dinə meyil güclüdür. Xüsusilə də gənclər arasında... 
Digahda qızları tez ərə versələr də, qədimdə kişilər 25-30 yaşına çatmamış evlənmirmiş. Ağsaqqallar deyirmiş, kişinin sümüyü bərkiməli, sonra ailə həyatı qurmalıdır. Evlənən çütlüklərin arasında təxminən on yaş fərq olurmuş. Xanım özündən təxminən 10 yaş böyük kişiyə ərə gedirmiş. 
Ölkə üçün xarakterik problemlərdən Digah camaatı da əziyyət çəkir. Söhbətləşdiyimiz bəzi insanlar işsizlikdən şikayətləndilər. Sovet dövründə müxtəlif müəssisələrdə çalışmış sakinlər bu gün normal, ailəni dolandıracaq səviyyədə iş tapmaqda çətinlik çəkdiklərini bildirirlər. 
Son zamanlarda Digahda xüsusilə yol infrastrukturunun qurulması istiqamətində müəyyən addımlar atılıb, ciddi işlər görülüb. Amma bəzi küçələrdə problem hələ də qalır. Türk şəhidliyinə getmək üçün isə normal yol yoxdur, istiqamət var. 
Bax belə. Növbəti qeydlərimiz Bakının ən qədim kəndlərindən sayılan Pirşağıdan olacaq. 
Ağa Cəfərli