"Tiflisin formatda yer almamasının prosesə ciddi təsirinin olacağını düşünmürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bu gün Moskvada Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+2” formatında regional platformanın ilk toplantısının keçirilməsi fonunda, Gürcüstanın prosesdən kənar qalmasını şərh edərkən deyib:
"Əslində, Gürcüstanın bu platformada olmamasının prosesə heç bir təsiri yoxdur. Gürcüstanın orada olması sadəcə Cənubi Qafqaz ölkəsi kimi maraqlıdır. Cənubi Qafqaz bölgəsində sülh və əməkdaşlıqdan söhbət gedirsə, həmin regionun bir ölkəsi olaraq Tiflisin də prosesə qatılması doğru olardı. Ona görə 3+3 formatı düşünüləndə onun bütün Cənubi Qafqazı əhatə etməsi nəzərdə tutulurdu. Cənubi Qafqazın bütövlükdə prosesdə iştirakı həm də iqtisadi-ticari əməkdaşlıq fonunda Qərbi Avropaya çıxış üçün alternativ yolları da təmin edir. Doğrudur, Zəngəzur dəhlizi açıldığı təqdirdə, həmin yol daha ucuz və zaman baxımından daha sərfəli yol olacaq. Çünki bu halda Naxçıvana, oradan Türkiyə vasitəsilə Avropaya rahat çıxış təmin olunacaq. Bütün hallarda alternativ yolların olması da arzuolunandır”.
Həmsöhbətimiz qeyd edir ki, əsas məsələ regionda sülh və əməkdaşlıq prosesinə start verilməsidir. Bu fonda Tiflisin də orada yer alması arzuolunan olsa da, bunun əksinin olmasının prosesə heç bir isti-soyuğu olmayacaq:
"Ona görə də Gürcüstanın formatda yer almaması bütövlükdə prosesi pozmur. Bunun prosesə hər hansı bir ciddi təsiri olmayacaq. Regionda sülh və əməkdaşlıq çərçivəsində iqtisadiyyat və ticarət daha da yüksələcək. Bu da öz növbəsində əhatə olunan dövlətlərin rifahına müsbət təsir edəcək. Burada Tiflisin olmamasına baxmayaraq, regionun əsas ölkələri olan Türkiyə, Rusiya və İranın prosesə qatılması bölgədə sülh və əməkdaşlığı uzun zaman müstəvisində təmin edəcək. Ona görə də 3+2 formatı işlək mexanizmə çevrilsə, region adına müsbət töhfələr verəcək. Bu cür əməkdaşlıq formatı bölgədə sülhün təminatıdır. Çünki bu prosesdən bütün dövlətlər xeyir qazanacaq. Belə vəziyyətdə gələcəkdə ola bilsin Tiflis də prosesə qoşulsun. Amma Rusiya işğalı məsələsi həll olunmayana qədər Gürcüstan özünü bu formatda görmür”.
Rüfət Sultan