Xəbər lenti

Tilsim (hekayə)
Sənət15:14 05.04.2017

Tilsim (hekayə)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aybəniz Alıyeva


- Hardan, nə vaxt gəldin bura?

Başını yerə sakitcə əyəndə gözləriylə nəsə danışırdı.

-Danışmayacaqsan? Danışırsan, duyuram, amma səssiz.

Saçları qarmaqarışıq idi. Elə bil səhrada tornadoya tuş gəlib, ordan otağımdakı, qəhvəyi rəngli, məxməri, taxta qolları cilalanmış köhnə kreslomun üstünə sehirlə çırpmışdılar onu.

- Marta, əzizim, yaxşısan?

Deyəsən qulaqları tornadodan tutulmuşdu. Gözləri alcalanıb dolur, sağa-sola gedir, kiprikləri göz yaşlarını üzünə tüpürür kimi çırpırdı. Axı nolub, ilahi, nə edim, necə edim, bu nə çarəsizlikdir? Nə etməliyəm indi mən?

Martanı səhradan kresloya çırpan rüzgar, ani bir yoxoluşla mənə, özümü qapının önündə tapdırırdı bir anda. Bu nə işdir axı başıma gəlir? Hə, budur Martanın əri, Quado, qapının önündə məlul-məlul üzümə baxır. Deyəsən dəli oluram. Axı hazırda mən də, Marta da, Quado da başqa-başqa ölkələrdəyik..? Başa düşmək olar ki, bunlar ər-arvad olublar, rəsmi olaraq ayrrılmasalar da xeyli vaxtdır boşanmış kimi ayrılıblar, ikisi də üzgün ola bilər, ama, axı, mənə nə olub, onlarla çoxdandır elə də sıx yaxınlığım qalmayıb, niyə ürəyim yerindən çıxacaq kimi döyünür, ağlamaq tutub məni? Yox axı niyə onlar danışmır? Görəsən məni eşitmirlər, yoxsa mənim səsim çıxmır, sadəcə ağzımı açıb-yumuram? Axı mən, mən axı özümü eşidirəm. Boynumun kökündən soyuq tər axır, əl barmaqlarımın ucundan üzümə doğru istilik qalxır, qapıdan içəri qaçıb Martaya, onun ürkək, qayğılı, sual dolu, tərəddüdlü gözlərinə baxır, yenə qapıya yönəlib Quadorun, ov tüfənginə tuş gəlmişcəsinə qorunmasız ceyran balası kimi duruşunu seyr edirəm...

Daha mən də susmuşam. Deyəsən  hamı bunu istəyirdi. Ya da mənim kimi danışanda eşidilməyib, susmağa məcbur qalıblar.

Keçdi, yoxdur indi heç kim, təkəm. Hə, keçdi, nə yaxşı, keçdi deyəsən..

Yenə..? Bu nədir axı? Aha, yenə sehirli nəsə oldu. Həmin köhnə kresloda bacım Silviya...

Axı bunlar bir anda necə peyda olur otağımda, evimdə..? Bir anda da yox olurlar. Amma necə darıxmışam, necə darıxmışam, ilahi. Ürəyim partlayacaq. İndi onunla danışmağa qorxuram. Görəsən danışsam, o da birdən-birə yox olacaq? Axı qucağında Timi də gətirib. Necə sevinirəm. Dözə bilməyib soruşdum.

- Josefi gətirməmisən? Onu da gətirsəydin kaş ki, niyə gətirmədin?

Aha, hə, Tim qığıldadı, güldü mənə. Deyəsən Alis xalasını xatırlayır. Axı mən onların yanından gedəndə o hələ təzə doğulmuşdu. O danışdı mənlə. Hələ tam açılmamış dilində qığıldanaraq mənə nəsə dedi. Demək ki, mənim səsim eşidilir. Amma o da mənim kimidir, nəsə deyir mənə, mən anlayıb cavab verə bilmirəm. Bu düşüncələr, düşüncələr, boğuluram, nəfəsim kəsiləcək, öz-özümə danışmaq beynimi incidir, yorur.

Bilmirəm nə qədərdir, Silviyayla sadəcə baxışırıq. Bu fikirlər nə qədər vaxta beynimdən keçə bilər? Bəlkə üç saniyədir...? Bəlkə bir saat..? Yenə öz-özümlə danışır, yenə suallar... Biri kömək etsin, biri çıxartsın bu tilsimdən məni... Axı, ax....

-Alis, Alis, Alis....
 
Gözümü açdım.

-Nə yuxu görürdün? Quar, Quard kimdi? Kimə otur deyirdin? Niyə ağlayırdın?

İndi susmaq sırası məndəydi. Hönkürtüylə ağlamağa başladım...
 
Qaynar.Az