"ABŞ Dövlət Departamentinin bu çağırışının reallaşması texniki baxımdan mümkün deyil. Çünki sərhədlər hələ müəyyən olunmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Dövlət Departamentinin Silahlı Qüvvələrin sərhəddən çıxarılmasına razılıq verməklə bağlı Ermənistan və Azərbaycan liderlərinə etdiyi çağırışa münasibət bildirərkən deyib:
"Yaddan çıxarmayaq ki, post-konflikt dövründə yaşayırıq. Ermənistanda hələ də revanşist fikirlər səslənir. Onlar işğal siyasətindən əl çəkməyərək, Azərbaycana qarşı yenə də revanşist planlar qururlar. Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaq istəmir. Hətta qanunsuz erməni silahlı dəstələri hələ ki, Qarabağ bölgəsindən tam şəkildə çıxmayıblar. Belə olan halda, silahlı qüvvələrimizin sərhəddən çıxarılması böyük təhlükə yaradar. Bu şəraitdə təbii ki, Azərbaycan Dövlət Departamentinin istədiyi addımları ata bilməz”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan liderlərinə çağırış edərək, Silahlı Qüvvələrin sərhəddən çıxarılmasına razılıq verməyə səsləyib. Belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Ermənistanla Azərbaycan arasında son günlər cərəyan edən gərginliyi şərh edərkən çıxış edib: "Biz hər iki ölkənin liderlərini 14-də Brüsseldə görüşdükləri zaman sərhəd boyu silahlı qüvvələrini geri çəkməyə razılaşmağa çağırırıq”.
O əlavə edib ki, bu məsələ mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda baş tutan danışıqlarda müzakirə olunub.
Rüfət Sultan