"Tomas de Vaalın bəyanatı Türkiyə və Azərbaycan əleyhinə yönəlib".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Karnegi Fondunun baş eksperti Tomas de Vaalın 2024-cü ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşacağı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, Karnegi Fondunun məsləhətçisi Tomas de Vaal bu tip bəyanatlarla ilk dəfə çıxış etmir:
"Bu şəxs 2023-cü ilin sonlarına doğru da bir neçə bəyanatla çıxış edərək, Azərbaycan və Türkiyənin əleyhinə bir sıra müddəalar səsləndirib. De Vaalın son bəyanatı da hesab edirəm ki, məhz Türkiyə və Azərbaycana qarşı yönəlib. Türkiyənin Azərbaycandan siqnal gözləməsi o anlama gəlir ki, sülh müqaviləsi üzrə aparılan danışıqlarda problem Ermənistan deyil, sanki Azərbaycan və yaxud Türkiyədir. De Vaal Ermənistanın aparılan danışıqlarda destruktiv mövqe sərgilədiyini ya görmür, yaxud da görmək istəmir. Bu da təəccüblü deyil. Çünki Tomas de Vaalın daxil olduğu siyasi dairələr Azərbaycan və Türkiyəni günahlandırmaqla Ermənistanı təmizə çıxarmağa çalışırlar. Hesab etmirəm ki, Ankara Bakıdan siqnal gözləyir".
Ekspert deyir ki, İrəvan Azərbaycan və Türkiyənin sülh istiqamətində atdığı addımları düzgün qiymətləndirərsə, danışıqlar baş tuta və sülh müqaviləsi imzalana bilər:
"Sülh müqaviləsində pozucu mövqe tutan Ermənistandır. İrəvan da məhz Tomas de Vaal kimilərinin arxasında dayanmasından ruhlanaraq, pozucu addımlar atır. Sülh müqaviləsinin imzalanmasına maneə olan əsas qüvvə Fransadır. Paris İrəvanı dəstəkləməklə müqavilənin imzalanmasına əngəl olur. Fransa və Avropa İttifaqının son zamanlar Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar sülh müqaviləsinin imzalanması yolunda ən böyük maneələrdir. Bu mənada Tomas de Vaal da öz ağalarının siyasətini yeridir”.
Qeyd edək ki, Ermenihaber.am saytına açıqlamasında Karnegi Fondunun Cənubi Qafqaz məsələlərilə məşğul olan baş eksperti Tomas de Vaal Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının 2024-cü ildə mümkün olacağını bildirib. Ardınca, o vurğulayıb ki, bunun üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan siqnallar gözləyir. De Vaalın fikrincə, Bakı ilə İrəvan arasında kiçik, birsəhifəli müqavilənin bağlanması belə Ankaraya Ermənistanla münasibətləri tənzimləməyə bəs edəcək.
Rüfət Sultan