Xəbər lenti

"Tomas de Vall vəziyyəti gözəl bilir, fikirləri reallığı əks etdirmir" - Arif Əliyev
Siyasət11:06 19.12.2023

"Tomas de Vall vəziyyəti gözəl bilir, fikirləri reallığı əks etdirmir" - Arif Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tomas de Vallın fikirləri real vəziyyəti əks etdirmir. O, situasiyanı düzgün dəyərləndirmir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev britaniyalı jurnalist Tomas de Vallın yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağına əmin olmadığı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
Arif Əliyev vurğulayıb ki, Tomas de Vall regionumuzla çoxdan məşğul olur və real vəziyyəti gözəl bilir:
"Düzdür, onun səsləndirdiyi fikirlər müxtəlif dövrlərdə ciddi suallar yaradıb. Belə hiss olunur ki, onun əvvəlcədən formalaşmış bir mövqeyi var. Səsləndirdiyi bu fikirlər də real vəziyyətə söykənmir. Regionda sülh müqaviləsinin imzalanması üçün bir çox şərtlər artıq yetişib".
Həmsöhbətimiz bildirib ki, artıq "Qarabağ kartı”nın tamam başqa çalar daşıdığını Tomas de Vall görməli idi:
"Artıq mübahisə Qarabağ üzərində deyil, başqa məsələlər üzərində gedir. Bu məsələlər artıq torpaq məsələsi deyil. Daha çox regional dövlətlərin maraqlarının təmini, hər iki tərəfin öz təhlükəsizliyini hansı şərtlərlə təmin etməsilə bağlıdır. Düşünürəm ki, bu məsələlərdə ortaq məxrəcə gəlmək daha asandır. Bu istiqamətdə şans artıb. Geri şəkilmək, maraqları uyğunlaşdırmaq üçün də şanslar var. Azərbaycan Prezident Adminstrasiyası ilə Ermənistan baş nazir aparatının imzaladığı sənəd də bunu göstərdi. Buna qədər Qarabağla bağlı belə bir ortaq sənəd qəbul olunmamışdı. İndi isə bu mümkündür. Deməli, sülhə pəncərə açılıb və onu qapıya çevirmək mümkündür. Tərəflər müharibədə maraqlı olmadıqlarını bəyan ediblər”. 
Qeyd edək ki, "Qara bağ” kitabının müəllifi jurnalist Tomas de Vall Ermənistan mediasına müsahibəsində yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması imkanını görmədiyini bildirib: "İki ölkə arasında müharibə təhlükəsi həmişə möcuddur və bir çox məsələ Əliyevdən asılıdır”. 
Onun fikrincə, indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəbdir. 
Rüfət Sultan