
TQDK onlara magistraturaya boş qalan yerlərə müsabiqədə iştirak etməyə icazə verdi!
Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul elan edir.
Qaynarinfo.Az xəbər verir ki, qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında iştirak etmiş tələbələrin topladığı ballar əsasında müsabiqə yolu ilə aparılır.
29.04.2016-cı il tarixində TQDK tərəfindən nəşr edilmiş “Magistr 4” jurnalında qeyd olunub ki, magistraturaya qəbul olan tələbələr 2016-cı il iyun ayının 11-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Tələbələrin qeydiyyatdan keçməməsi onların qəbul olduğu ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilməyəcək.
Lakin bu gün başlayan və 14 avqust saat 23.59-dək davam edəcək magistraturaya boş qalan yerlərin müsabiqəsində əvvəlki mərhələdə qəbul olduqları ixtisaslardan imtina edən bakalavrlara ixtisas seçimində yenidən iştirak etməyə icazə verilib. TQDK-nın bu addımı diqqətimizi cəlb etdiyindən qısa bir statistik araşdırma apardıq və maraqlı rəqəmlərlə qarşılaşdıq. Bu il magistraturaya qəbul planı keçən illə müqayisədə 17% artıb. Lakin bakalavrların yalnız 61%-i qeydiyyatdan keçərək magistr adını qazanıb və 2890 plan yeri (39%) boş qalıb. Yenidən müsabiqəyə çıxarılmış 2890 plan yerinin isə 84%-i ödənişli yerlərdir. Onlardan 78%-i dövlət ali təhsil müəssisələrinin, 22% isə özəl ali məktəblərin payına düşür.
Ən çox vakant yeri 56-cı (MBA) və 26-cı (iqtisadiyyat) proqramlar təşkil edir. Bu iki proqram üzrə 1254 yer boş qalıb və onların yalnız 3.5%-i (46 yer) dövlət sifarişli yerlərdir.
Elçin Mahmud
Qaynarinfo.Az