Hüseynbala Səlimov
Müharibə, "boz müharibə”, "hibrid müharibəsi” və sülh... Prinsipcə, qeyri-səlis məntiqin hərbi politologiyaya və hərbi nəzəriyyələrə də yol tapmasına təəccüblənmək lazım deyil; indi dünyanın təzadları o qədər artıb, o qədər qabarıbdır ki, onları primitiv Aristotel məntiqi çərçivəsinə sığışdırmaq müşkül olub.
Əslində əvvəllər də müharibə, "soyuq müharibə” və bir də sülh vardı. Amma bu təsnifat daha hərbi strateqləri qane etmir və onlar özlərinin müharibə və sülh nəzəriyyələrinə bir azacıq öncə qeyd etdiyimiz ən yeni anlayışları da daxil edirlər.
Bəli, düşünmək olardı ki, zaman qarşıdurmaların və savaşların çeşidini azaldacaqdır. Fəqət, əfsus ki, belə deyil. İnsanlar, cəmiyyətlər və bəşəriyyət inkişaf etdikcə müharibə nəzəriyyələri və hətta ritorikası da elə bir çalarlar alır ki, adam istər-istəməz bəzi əski filosofların təlimlərilə razılaşmalı olur: müharibə bəşəriyyətin təbii halıdır...
Bunları niyə deyirik? Nədən bizi bu məsələlər belə narahat edir? Bu yaxınlarda ABŞ daha bir sənəd qəbul edibdir və sənədə görə artıq Ştatlar üçün əsas təhlükə beynəlxalq terrorizm yox, inkişafda ona çatmaqda və ya onu önləməkdə olan dövlətlər hesab ediləcəkdir.
Kiçik C.Buşun hakimiyyəti zamanı 11 sentyabr oldu və yaxud da düzülüb qoşuldu – indi bunun elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, ilk "soyuq savaş” dönəmindən sonra yeni bir təhlükəszilik doktrinası meydana çıxdı–belə ərz etdilər ki, daha bundan sonra hamı üçün bir əsas təhlükə var və onun adı terrorizmdi. Nə qədər qəribə olsa da, yeni təhdid dövlətləri birləşdirirdi, daha doğrusu, toxları aclardan qorunmaq üçün bir yerdə olmağa dəvət edirdi.
Bunun hətta simvolunu da tapmışdılar – B.Laden. Bir adam bir neçə il ərzində cəmi Yer kürəsi üçün hətta aqressiv yad planetlilərdən də təhlükəli oldu. Amma onun da müddəti bitdi – B.Laden kimin sayəsində peyda olmuşdusa, elə onların da sayəsində yox oldu...
Sonra Tramp gəldi hakimiyyətə və məlum oldu ki, ABŞ üçün başqa təhdidlər yaranıb və diqqəti onlara cəlb etmək lazımdır. Diqqət edin ki, daha əvvəlki kimi "dünya üçün” deyilmir, "ABŞ üçün” deyilir və bunun özü də düşünmək üçün ciddi məqamdır; sanki Birləşmiş Ştatlar fövqəldövlət statusundan irəli gələn qlobal missiyalarından imtina edir və amerikalılar artıq "biz və dünya” deyirlər.
Bəli, Tramp qlobal nizam üçün təhlükələrdən danışmır, ölkəsi üçün təhlükələrə diqqət yetirir və qlobal nizam üçün lazım olan hər şey artıq bu adam üçün ikinci dərəcəli rol oynayır və hətta onda qıcıq da yaradır: BMT və NATO-ya maliyyəni azaltmaq istəyir, az qala, dünyanın yarısını sanksiyalarla hədələyir, özü də təkcə Rusiya, İran və Çin kimi ölkələrə yox, ən yaxın müttəfiqlərinə də - Avropa və Türkiyəyə qarşı da sanksiya və ticarət savaşı açır.
Təkcə ticarət savaşına diqqət yetirsək, əslndə bu, on illər ərzində bərqərar olmuş liberal qaydalara, Dünya Ticarət Təşkilatının prinsip və məramına ziddir. Amma Tramp bunun fərqində deyil, onu bu, qətiyyən düşündürmür, əksinə qlobal nə varsa, onda ikrah doğurur və "qlobal öhdəliklər” ifadəsi onu lap özündən çıxarır – yada salın, hakimiyyətə gələndən bu adam neçə qlobal sazişdə ABŞ-ın iştirakını dayandırıbdır...
NATO da qlobal nizamın bir mexanizmi idi. Düzdür, bu mövzuda keçmiş zamanda danışmaq hələ tezdir. Amma Tramp bu cür vacib qurumu da "diskussiya klubu”na çeviribdir. Üstəlik, bir sıra NATO üzvlərilə ABŞ –ın münasibətləri elə çalarlar alıb ki, adam hətta inana da bilmir ki, bu qədər ziddiyyətlər bir təşkilat daxilinə necə sığa bilər axı!..
Bəli, filosoflar inkişafın düsturunu belə müəyyən ediblər: tezis-antitezis – sintez. Bu mənada düşünmək olar ki, indiki təftişçilik meylləri yeni bir nizama gətirib çıxaracaqdır son nəticədə: indiyədək dünyada bir geosiyasi arxitektura vardı, indisə o, yenilənir və institutlaşma prosesi də bunu nəzərə almalıdır. Amma inkişaf spiral üzrə baş verir deyirlər: hətta əvvəlki istiqamətə dönüş də əvvəlkinə qayıdış demək deyildir, ondan bir pillə yuxarıdır. Hazırda baş verən proseslərdə də bu qaydanın izlərini axtarırıq. Amma onu tapmaq heç də həmişə asan olmur, çünki spiralvari inkişaf da özü bir nəzəriyyədir: bizim kimi, Sizin kimi, hətta Tramp kimi insanların yaratdığı quruca bir nəzəriyyə...