Xəbər verdiyimiz kimi, İranla İsrail arasında atəşkəs qüvvəyə minib. Hər iki ölkə rəhbərliyi məlumatı təsdiqləyib. ABŞ prezidenti Donald Tramp da öz "Truth" hesabında İran və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunduğunu bildirib :"Hamını təbrik edirəm! İsrail və İran arasında tam və ümumi şəkildə razılaşdırılıb ki, təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək, və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran atəşkəsi başlayacaq və 12-ci saatda İsrail də atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda isə, 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq".
Daha sonra o hər iki ölkəni, İsraili və İranı bu müharibəni bitirmək üçün göstərdikləri dözümlülük, cəsarət və zəka ilə bağlı təbrik etdiyini deyib. Tramp bildirib ki, bu, illərlə davam edə biləcək və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə idi. Amma bu baş vermədi və heç vaxt da baş verməyəcək.
İndi siyasi araşdırmaçıları belə bir sual düşündürür - İran-İsrail münaqişəsində sülh əldə olunduğuna görə yenidən diqqətin Ukrayna savaşına yönələcəyini düşünmək olarmı?
Siyasi təhlilçi Kənan Rövşənoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp üçün Ukrayna artıq prioritet deyil, bunu özü də hər dəfə nümayiş etdirir:
"Trampın Ukrayna müharibəsində əsas məqsədi əslində Rusiya ilə dil tapmaqdır. İkincisi isə bildiyim qədər artıq çoxdan bir çox silah və texnika Yaxın Şərqə göndərilib. Onların geri qayıdacağı ehtimalı azdır. Tramp daha çox tacir xarakterlidir, yəni daha tez nəticə əldə etməyə çalışır. Hətta Yəməndə hərbi əməliyyatlar uzandı və nəticə vermədi deyə Tramp onu dayandırdı".
Təhlilçi düşünür ki, uzunmüddətli müharibə Tramp üçün yorucu və daha çox xərc aparır deyə maraqsızdır:
"Bu səbəbdən də Tramp Ukrayna müharibəsinin tez bir zamanda bitməsini istəyir. İsrailə gəlincə, İsrail ABŞ üçün vacib ölkədir, son hadisələr də göstərdi ki, Vaşinqton üçün hər bir şəraitdə İsrail vacib mövzudur. Ona görə də, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, İsrail müdafiə olunacaq və bu qayda dəyişməyəcək. Əlbəttə, hökumətlər arasında fikir ayrılıqları ola bilər və bu, normaldır. Amma bu, İsrailin müdafiəsiz qalacağı mənasına gələ bilməz. Bu mənada prioritet İsrail olaraq qalacaq".
Siyasət şöbəsi
Şərhlər