"Turan Tovuz” PFK ilə Huner Group arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Qaynarinfo-nun məlumatına görə inşaat şirkəti olan Huner Group "Turan Tovuz”un baş sponsoru qismində çıxış edəcək. Bu gün Tovuz şəhər stadionunda Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsini "Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov və Huner Group-un təsisçisi Ehtiram Quliyev imzalayıb.
Tovuz klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmovun açılış nitqi ilə başlayan tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Xidmət göstərdiyi sahələrdə uğurlu nəticələr əldə edən Huner Group bugünədək müxtəlif layihələr həyata keçirib. Biznesin fərqli sahələrində xidmət göstərən şirkətlər qrupunun əsas fəaliyyət istiqaməti inşaatdır. Şirkət yaratdığı etibarlı və nüfuzlu marka dəyərini qoruyaraq iqtisadiyyatın və sahibkarlığın inkişafında daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.
Səbuhi Həsənov
Şərhlər