Siyasət 10:27 26.12.2022

“Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi gücünü artırır” - Deputat

"Bu ilin ilk 10 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb. Ötən ilin eyni dövründə 5 türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq, 6 milyard 83 milyon 252 min dollara çatıb. Bu, müstəqillik illlərinin ən böyük artımıdır”.
 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malik olsa da, digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib:
 
"Qazaxıstan ilə dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızstan ilə 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb”. 
 


Deputat hesab edir ki, ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır:
 
"Azərbaycanın əldə etdiyi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir”. 

Bahar Rüstəmli