
Qafqaz Ömərov
Artıq on gündür ki, Türkiyəni qarışdıran ABŞ-ın populyar media orqanlarında bu ölkənin xüsusi-xidmət orqanı olan Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan haqqındakı kompromat xarakterli yazılar, hələ də aktuallığını saxlamaqdadır. Xatırladırıq ki, "The Woll Street" jurnalında ayın 20-də yer alan bir analitik yazıda MİT başçısı Hakan Fidanın İsrail kəşfiyyatı MOSSAD-a işləyən 10 iranlı agenti Tehrana satdığı iddia edilmişdi.
"The Woll Street" jurnalından sonra Hakan Fidan mövzusuna geniş yer ayıran "The Washington post" qəzeti də bu iddianı olmuş bir hadisə kimi qələmə verərək Ankara-Vaşinqton gərginliyini daha da artırdı. Bütün bunlar kifayət etmirmiş kimi, ABŞ yəhudi lobbisinin rəsmi orqanı sayılan "The Jewish Press" adlı internet saytı Hakan Fidanın fiziki cəhətdən məhv edilməsinin vacibliyini açıqdan-açığa vurğulayan bir yazı dərc etdi. Başda Türkiyə prezidenti Abdulla Gül olmaqla bütün ölkə rəsmiləri Hakan Fidanə müdafiə edərək hadisənin təxribat olduğunu bildirdilər. İsrailin rəsmi dairələri isə uzun müddət susduqdan sonra nəhayət, hökumət adından bu siyasi qalmaqala öz rəsmi münasibətlərini bildirdilər. İsrail XİN-in rəsmi nümayəndəsi Yigal Palmor jurnalistlər qarşısındakı çıxışında bu kompromatın İsrail kəşfiyyatı tərəfindən sızdırılmadığını, informasiyanın yayılmasından sonra baş verən siyasi gərginliyin isə İsrailin maraqlarına zidd olduğunu bildirdi.
Hadisənin kökünü araşdırmazdan əvvəl, bu məlumatın dezinformasiya belə olsa, dünya gündəminə oturduğunu və Türkiyədə şok effekti yarada bildiyini xüsusi qeyd etməliyik. İndi isə son 10 ildə Türkiyə ilə İsrailin onsuz da gərgin olan münasibətlərinin təzə-təzə düzəlməyə başladığı bir məqamda belə bir təxribatın kimlər tərəfindən və nəyə görə törədildiyini təhlil etməyə çalışacağıq.
Geosiyasi müstəvidə getdikcə qızışan ABŞ-Rusiya qarşıdurmasının yol açdığı, dünyanın başının üzərini alan, böyük sürətlə "odlu müharibəyə" çevrilməyə başlayan yeni "soyuq müharibə", gələcək total Qərb-Şərq savaşının hansı cəbhəsində yer alacaqlarını böyük həyəcan və qorxu içərisində müəyyən etməyə çalışan Avrasiyanın bir çox ölkələrinin siyasi elitaları, ənənəvi oriyentasiyalarından imtina etməyə başlayıblar. Yenidən güc yığan Rusiya, sürətlə inkişaf edən Çin artıq ABŞ-ın hegimonluğuna ciddi təhdidlər törətməyə başlayıblar.
Şanxay beşliyinin ətrafında birləşən dövlətlərin Amerika və Avropa ilə müqayisədə inkişaf templəri nümayiş etdirməsi bu dəfə hətta Vaşinqtonun əzəli müttəfiqlərinin belə diqqətini adı çəkilən siyasi-iqtisadi bloka yönəltmişdir. Yaxın Şərqin astanasında yerləşən, müsəlmən dünyasının aparıcı dövlətlərindən olan Türkiyənin "Şanxay beşliyi"nin sammitlərində müşahidəçi kimi iştirak etməsi ABŞ-ı narahat etməyə bilməzdi. Bişkekə səfəri zamanı Abdulla Gül Türkiyənin bu təşkilata üzv olmaq azsunu açıq şəkildə söyləmişdi. 10 ildir daxili sabitliyin cox ciddi şəkildə pozulmadığı Türkiyə, Abdullah Gülün bu bəyanatından sonra daxili sarsıntılarla sarsıldı.
Ankaradakı ABŞ səfirliyinə bombalı hücum və bu terror aktının arxasından vaxtilə SSRİ-nin dəstəklədiyi terrorçu, radikal solçu təşkilat DHKPC-nin çıxması ağıllarda sual işarələri yaratdı. Rusiya və Çinlə çoxmilyardlı müqavilələr imzalayan, ABŞ-ın Suriya "hərəkatına" yalnız siyasi dəstək verməklə kifayətlənən Türkiyənin başı üzərində qatılaşan bu qara buludların əsl msəbəbi nə idi əcəba? Burada diqqət çəkən bir neçə məqamı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.
1. İllərdir Avropaya inteqrasiya üçün əlindən gələni edən Türkiyənin, bu qitənin qapısı arxasında qalması, ABŞ-la uzun illərdir davam etdirdiyi ticarət əlaqələrinin yalnız Vaşinqtonun xeyrinə olması, "əməkdaşlığının" nəticəsində ta NATO-ya üzv olduqdan bu yana, az qala 70 il müddətində Amerikanın faizlə verdiyi kreditlərin altında inildəməsi, nəhayət, Rusiya və keçmiş SSRİ respublikalarının bazarına çıxdıqdan sonra iqtisadiyyatını düzəldərək borclarını ödəməsi Türkiyəni hansı tərəfin onun üçün daha sərfəli olduğunu anlaması ilə nəticələndi. Deməli, Türkiyə siyasi elitasının "Şanxay beşliyi" və "Gömrük İttifaqı" təşkilatlarına qatılması qırarı tam ciddi bir qərardır.
2. MDB dövlət başçılarının iki gün əvvəl Minskdə keçirilən sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Türkiyənin "Gömrük İttifaqı"na daxil olmaq arzusundan və prezident Abdulla Gülün bu məsələdə ona şəxsən müraciət etdiyini bildirib. Belarus prezidenti Lukaşenko isə Ermənistanın birliyə qəbulunun hələlik təxirə salınmasını və Yerevanın bura daxil olmasının rəsmi Bakının xoşuna gəlməyəcəyini bildirib. Xatırladırıq ki, Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə bilinən politoloq Sergey Markov Bakıya səfəri zamanı Azərbaycanın "Gümrük birliyi"nə Türkiyə ilə eyni vaxtda daxil olacağı proqnozunu vermişdi.
3. Kremlin yaratdığı bütün beyin mərkəzlərinin, siyasi analiz və araşdırmalar mərkəzlərinin "Avrasiya İttifaqının" iki böyük etnomədəniyyətin nümayandəsi olan xalqların, türklərlə slavyanların hegimonluğu üzərində qurulacağı təbliğatının çox intensiv olaraq elmi məqalələr və oçerklər şəklində bütün Rusiya mediasına yayılması, Türkiyənin bu İttifaqa transferi üçün möhkım zəmin yaradılması prossesinin getdiyindən xəbər verir.
4. Türkiyənin "Avrasiya İttifaqı"na inteqrasiyası məsələsinin gündəmə gəlməsi ilə, PKK-nın "Barış sürəci" ilə barışması demək olar ki, ardıcıl şəkildə baş verdi. SSRİ tərəfindən qurulduğu və maliyyələşdirildiyi heç kəsə sir olmayan PKK və onun lideri Moskvanın barmaq işarəsindən sonra sakitləşdilər. Həmişə kürd separatçılarını qan tökməyə, müharibəyə və terrora səsləyən Abdullah Ocalan, artıq həbsxanadan tətəfdarlarına yazdığı məktublarda və göndərdiyi mesajlarda "Türk-kürd qardaşlığından və iki qardaş xalqın bir dövlətin tavanı altında dinc yaşamalı olduğunun vacibliyindən" bəhs etməsi Ankara ilə Moskvanın anlaşdığını bir daha sübut edir.
Bu məqamlara diqqət yetirsək "Gezi parkı" olaylarının, davamı olaraq isə "ODTÜ etirazının" və "Hakan Fidan əməliyyatının" arxasında hansı güclərin durduğunu təsəvvür etmək o qədər də çətin deyil.
İsrailin çaşqınlığı fonunda, Təl-Əvivin bu məsələdə çox gözlənilməz bir hadisə ilə üz-üzə qaldığı aydın sezilməkdədir. Suriya məsələsində Türkiyənin mövqeyindən razı qalan İsrailin Ankara ilə münasibətlərinin yaxşılaşdığı bir dövrdə isə ABŞ-dakı yəhudi lobbisinin türk dövlətinə qarşı alət edildiyi bir təxribat ən çox İsrailin maraqlarını təhlükə altında qoymaqdadır. Deməli, PKK-nın susdurulduğu, yəhidilərlə münasibətlərində isinmənin müşahidə edildiyi, artıq Avropa və Amerika olmadan iqtisadi inkişafının ən yüksək həddinə çatdığı Türkiyəni başqa metodlarla ram etmək planlaşdırılır. Hakan Fidan əməliyyatı isə öz uğursuzluğu ilə birgə belə cəhdlərdən biridir.