Xəbər lenti

Türkiyə bir il sonra parlament və prezident seçkilərinə gedir: gözləntilər nədir? (MÜSAHİBƏ)
Siyasət12:52 03.06.2022

Türkiyə bir il sonra parlament və prezident seçkilərinə gedir: gözləntilər nədir? (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə növbəti seçkilərə bir il vaxt qalıb. Qeyd edək ki, gələn ilin iyununda qardaş ölkədə prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkilərə həm iqtidar, həm də müxalifət ciddi yanaşır. Seçki ərəfəsi keçirilən son rəy sorğusuna görə, hakim AKP səslərin 28,2 faizini ala bilər. İkinci yerdə gedən ana müxalifət CHP isə hakim partiyadan cəmi 1 faiz az səs toplayıb.
Hakim AKP prezidentliyə yenə də Rəcəb Tayyib Ərdoğanın namizədliyini verib. MHP-nin də yenə də onu dəstəkləyəcəyi gözlənilir. Müxalifət isə 6 partiyadan ibarət koalisiya yaradıb. Bunlar İYİ Partiya lideri Meral Akşənər, "Səadət” lideri Təməl Karamollaoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, DEVA partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıcdaroğludur.
AKP prezident üsul-idarəsinə əsaslanan mövcud siyasi sistemin qalmasında maraqlı olsa da, müxalifət parlamentar sistemə qayıdışda maraqlıdır. Türkiyənin iqtisadi durumuna gəldikdə, sanksiyalarla bağlı olaraq inflyasiya getdikcə dərinləşməkdədir. Ukrayna müharibəsi fonunda bu tendensiya daha da güclənir. Belə bir vəziyyətdə Türkiyə bir ildən sonra parlament və prezident seçkilərinə gedəcək. Həmin seçkilərdən nə gözləmək olar?
Mövzu ilə bağlı Qaynarinfo-nun suallarını Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu cavablandırdı.
- Sorğuların nəticəsinə uyğun seçki proqnozları vermək müəyyən mənada aldadıcı ola bilər. Türkiyədə iki müxtəlif sosioloji mərkəzin keçirdiyi sorğu nəticələrinin bir-birindən kəskin fərqləndiyinin dəfələrlə şahidi olmuşuq. Fikrimcə, bir il sonra keçiriləcək seçkiyə qədər hələ çox şey dəyişə bilər. Bir çox hadisələr aktiv Türkiyə seçicisinin hansısa şəkildə rəy bildirməsinə əsas verə bilər. Görünən budur ki, seçkilərə qədər çox sorğular keçiriləcək. Təbii ki, bu zaman bir-birindən kifayət qədər fərqli nəticələr də elan olunacaq. Təhlillər isə göstərir ki, Türkiyədə hələ də sağ mərkəz problemi var. Bu problemin mövcudluğu isə AKP-nin şansını artırır. Son 10-15 ilin seçkisində sağ mərkəzin olmaması seçici potensialının AKP-yə istiqamətlənməsinə gətirib çxarıb. Əslində, çox şey AKP-MHP koalisiyasının bundan sonrakı dönəmdə nə dərəcədə bir-birinə yaxınlaşacağından asılıdır. Hazırda sağ mərkəzçi düşərgədə AKP-nin mövqeyi kifayət qədər güclüdür və onların yenidən elektoratın səsini qazanacaqlarını söyləyə bilərik. 
-  Lakin Türkiyədə inflyasiya dərinləşir. Ukrayna müharibəsi isə bu dalğanı daha da şiddətləndidi. Bu amillər seçkilərdə iqtidarın mövqeyinə mənfi təsir edə bilərmi? 
- Türkiyə müxalifətinin əsas istinad nöqtəsi məhz inflyasiya və sanksiyaların gətirdiyi ekonomik basqılar məsələsidir. İqtisadi baxımdan ölkədə müəyyən çətinliklərin olduğunu müşahidə edirik. Amma burada digər amillər də mövcuddur. Təzyiqlərdən irəli gələn iqtisadi geriləmənin qarşısını almaq üçün hökumət ciddi layihələr həyata keçirir. Yaxın gələcəkdə bunun müsbət nəticələri ola bilər. 
- Adətən, Ərdoğan seçki ərəfəsində kütləyə hesablanmış çıxışlar etməklə reytinqini yüksəldə bilir. PKK-ya qarşı ölkə daxilində, yaxud Suriya və İraqın şimalında daha ciddi addımlar atmaqla daha çox seçicinin etimadını qazanır. Bu müstəvidə Ərdoğan Suriyada gözlənilən növbəti hərbi əməliyyatları keçirməklə yenidən öz mövqeyini gücləndirə bilərmi? Bu dəfə də eyni taktika Ərdoğana uğur gətirəcəkmi? 
-  Türkiyə mütəmadi olaraq Suriya və İraqın şimalında antiterror əməliyyatları keçirir. Fikrimcə, bu antiterror əməliyyatlarının Türkiyədəki seçkilərlə əlaqələndirilməsi yanlışdır. Belə addımlar daxili auditoriyaya müsbət mənada təsir edir, lakin bu addımlar birbaşa seçkilərə yönəlmir və Türkiyənin 30 ildən artıq terror təhdidinə qarşı ardıcıl və davamlı mübarizə aparması ilə bağlıdır. Rusiyanın Suriyadan qoşunlarını çıxarması ilə bağlı yaranmış yeni vəziyyətlə əlaqədar iqtidar addımlar atır, bunun seçkilərlə əlaqəsi yoxdur. Digər tərəfdən, seçkinin keçirilməsinə hələ bir il var. Qarşıda daha ciddi proseslər baş verə bilər. 
-  MHP qarşıdan gələn seçkilərdə AKP-nin yanında olacaq, yoxsa, bu dəfə fərqli mövqe sərgiləyəcək? 
-  Türkiyənin siyasi sistemini dərindən araşdırmaqla belə nəticə çıxara bilərik ki, qardaş ölkədə siyasi partiyaların ideoloji görüşləri həmişə aydın, konkret olub. Bu mənada MHP-nin hansısa sol partiya ilə ittifaqa daxil olması ehtimalı yox dərəcəsindədir. Görünən odur ki, AKP-MHP koalisiyası effekt verir. Proqnozlaşdırmaq olar ki, növbəti seçkilərdə də belə bir koalisiyanın şahidi olacağıq. 
- Ümumiyyətlə, AKP bu seçkiləri uduzsa, proses Ərdoğanın siyasətdən getməsilə sonuclana bilərmi? 
-  Bu barədə danışmaq hələ tezdir. Konkret olaraq bu, artıq seçkinin nəticələrilə bağlı olan sualdır. Həmin suala cavab vermək üçün bir müddət də gözləməli olacağıq. Amma burada belə bir məqam var ki, sağ mərkəzçi boşluğun doldurula bilmədiyi bir zamanda sol düşərgədən hansısa alternativ qüvvənin iqtidara qalib gəlməsi şansı da azdır. Türkiyənin siyasi xəttində sağ-sol məsələsi həmişə önəmli faktor olub. Ümumilikdə götürdükdə sağ daha üstün mövqeyə malikdir. 
- Seçkilərədən sonra Türkiyədə hakimiyyət dəyişikliyi baş versə, bu, Ankara-Bakı münasibətlərinə necə təsir edəcək? 
- Türkiyə-Azərbaycan münasibətləri kifayət qədər ciddi əsaslara və tarixi-mədəni birliyə söykənib. Türkiyədə hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq, iki ölkənin münasibətləri dəyişməyəcək. 
- Hər halda az da olsa, belə bir ehtimal mövcuddur ki, AKP seçkilərdə məğlub ola bilər. Belə hal baş verərsə, yeni hökumətin Qərbə və Rusiyaya münasibəti dəyişəcək, yoxsa?.. 
- Zatən, Qərb buna çalışır. Qərbin məqsədi Türkiyədə iqtidarı dəyişdirməkdir. Tətbiq etdikləri sanksiyalarda da əsas məqam iqtidar partiyasının mövqeyinin zəiflənməsinə hesablanıb. Lirənin ucuzlaşması da göstərir ki, iqtisadi müstəvidə bu amil müəyyən problemlər yaradır. Bu gün Türkiyə konkret olaraq dövlət və milli maraqlara söykənən xarici siyasət yürüdür. Bu siyasət də özünü Yaxın Şərq və Cənubi Qafqazda daha aktiv şəkildə göstərir. Türkiyənin belə aktivliyi isə Qərb, habelə Rusiyanı narazı salır. Ona görə də həmin ölkələr maksimum dərəcədə Türkiyənin mövqeyini laxlatmağa çalışırlar. 
- Ərdoğanın Suriyanın şimalında əməliyyat keçirmək istəyinin fonunda belə fikirlər səslənir ki, Bəşər Əsəd həmin bölgədə özünün hərbi mövcudluğunu gücləndirir. Bu vəziyyət Türkiyə ilə Suriya arasında hərbi toqquşmaya rəvac verə bilər? 
- Müəyyən toqquşmaların olacağını istisna etmək olmaz. Amma burada belə bir məqam da var. Türkiyənin burada hədəfi terroru öz sərhədindən maksimum dərəcədə uzaqlaşdırmaqdır. Yəni onun hədəfi hansısa ölkənin ərazisinə qəsd etmək deyil. Əsəd rejimi bu fonda həmin antiterror əməliyyatlarının qarşısını almaq əvəzinə, daha yaxşı olar ki, belə əməliyyatlara öz dəstəyini ifadə etsin. 
Rüfət Sultan