Xəbər lenti

Türkiyə ehtimal olunan 84 milyard zərərin öhdəsindən gələ biləcəkmi?
Dünya 20:10 13.02.2023

Türkiyə ehtimal olunan 84 milyard zərərin öhdəsindən gələ biləcəkmi?

"Düşünürəm ki, Türkiyədə bir ilə kimi baş verən zəlzələnin bütün nəticələri aradan qaldırılacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev "Bloomberg”in Türkiyədə baş verən zəlzələlərin ölkə iqtisadiyyatına 84 milyard dollar zərər vura biləcəyi ilə bağlı məlumatını şərh edərkən deyib. Deputat bildirib ki, Türkiyədə bir yox, bir neçə zəlzələ olub və bu, böyük fəlakətdir:

"İqtisadiyyat, ölkə və xalq üçün bu böyük imtahandır. Başqa ölkələr bir, yaxud da iki ilin içində iqtisadi artımını təmin edib, dəyən zərərlərini də bağlayıblar. Burada dünya da kömək edir. Birinci Azərbaycan höküməti, xalqı olaraq həmişə dost, qardaş Türkiyə ölkəsi ilə birlikdəyik. O ki qaldı dəyən ziyanla bağlı səslənən rəqəmlərə, bundan qorxmaq lazım deyil. Türkiyə iqtisadiyyatı kifayət qədər qüdrətlidir, xalqı dözümlüdür, mübarizdir. Türkiyə iqtidarı kifayət qədər təcrübəlidir”.
 


Rüfət Quliyev hesab edir ki, aparıcı ölkələr, aparıcı maliyyə qurumları, beynəlxalq təşkliatlar Türkiyəyə dəstək olacaq:

"Bu faciədə əsas insan itkisidir. Bu, böyük problemdir. Son 30-40 ildə o qədər ölkədə - Amerika, Asiya ölkələrində, Avropada, İtaliyada, Fransada, Yunanıstanda, Çində və s. fəlakətlər olub. Yəni, bu inkişafı olan ölkənin iqtisadiyyatı üçün qorxunc məsələ deyil. Əsas odur ki, ölkənin iqtisadiyyatı davamlı, dayanıqlı inkişafda olsun. Bunların hər birini tikib, bərpa eləmək mümkün olacaq. Belə məsəl var: "Göz namərddir, əl mərddir”. Yəni, insanlar bunların hamısını dövlət və xalqla birlikdə bərpa edəcək, iqtisadiyyatın da inkişaf etdirəcək. Sizi inandırım ki, maksimum gələn ilin ortasında Türkiyədə baş verən zəlzələnin nəticələri aradan qaldırlacaq, şəhərlər bərpa olunacaq, həyat davam edəcək. Hər şey yaxşı olacaq. Türkiyə xalqı ilə bir yerdəyik. 80-dən çox ölkə Türkiyəyə kömək edir, amma əsas xalqın, iqtidar və dövlətin özüdür. Onlar lazım olan formada bütün məsələləri həll edəcəklər”.

Qeyd edək ki, "Bloomberg” Türkiyədə baş verən zəlzələlərin ölkə iqtisadiyyatına 84 milyard dollar zərər vura biləcəyini açıqlayıb. Bildirilib ki, bu məbləğ ÜDM-nin təxminən 10%-ni təşkil edir. Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq. Daha 2,9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->