2009-cu ilin oktyabrında Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin "normallaşdırılması" məqsədi ilə İsveçrənin Sürix şəhərində ABŞ dövlət katibi, Rusiya və İsveçrə xarici işlər nazirlərinin şahidliyində imzalanan protokol Azərbaycanda ciddi narazılığa səbəb olmuşdu. Daha sonra Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri yüksək vəzifəli şəxslərinin iştirakı ilə İstanbulda və Moskvada bəzi müzakirələr aparıldı. Uzun müddət Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasında qalan Sürix protokolları Məclisin sessiyasına gətirilməyərək gündəmdən tamamilə çıxarıldı. O vaxtdan Türkiyə ilə Ermənistan arasında "münasibətlərin normallaşdırılması" ilə bağlı heç bir müzakirə aparılmayıb. İstər Azərbaycanda, istərsə də Türkiyədə icitimai rəy o dərəcədə qəzəbli idi ki, bu məsələ Türkiyə siyasi dairələrinin gündəliyindən çıxarıldı. Lakin hələ də bu məsələ öz həllini tapmayıb. Artıq Azərbaycan Qarabağı azad edib, Nikol Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaq istiqamətində kövrək mesajlar verir. Bu məsələ yenidən müzakirə predmeti ola bilərmi?
Siyasi şərhçi Fərhad Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bölgə ölkələrinin həm biri-birilə, həm də regiondakı qonşuları ilə problemləri var:
”Yəni Azərbaycanla Ermənistan arasında problem olduğu kimi, Gürcüstanla Rusiya və İrəvanla Ankara arasında da problemlər mövcuddur. Ona görə də Ermnistan Türkiyə münasibətlərinin normallaşması bölgəmizdə olan bir neçə problemli məsələlərdən birinin həlli demək olardı. Amma Ermənistanın aqressiv siyasəti səbəbindən Xəzər dənizinin qərb sahillərindən Qara dənizə doğru artıq bir çox kommunikasiyalar tikilib istifadəyə verilib. Hansı ki, bu layihələr Ermənistandan yan keçməklə Gürcüstan vasitəsilə reallaşıb. Yəni enerji və nəqliyyat infrastrukturu Ermənistandan kənar keçir. Bu nöqteyi-nəzərdən Ankara-İrəvan normallaşması nəqliyyat-energetika infrastrukturu kontekstində bölgə üçün hər hansı bir yeni imkanlar açmır. Ona görə də Ankara-İrəvan münasibətlərinin normallaşması fonunda hər hansı bir regional irəliləyişdən söhbət gedə bilməz”.
Ekspertin fikrincə, Türkiyə ilə Ermənistan arasında sərhədinin açılacağı təqdirdə belə, nəqliyyat-energetika müstəvisində bölgəmiz üçün hansısa bir yeni imkanlar yaratmaq gücündə deyil:
”Hazırkı vəziyyətdə şərqdən qərbə və əksinə yük daşımaların miqyası artır. Yaxın 3-5 il ərzində, Zəngəzur dəhlizi işə salındıqdan sonra artıq bu məqamdan yararlanmaq mümkün olacaq”.
Bununla belə, həmsöhbətimiz bildirir ki, Türkiyə ilə yaxınlaşma Ermənistan iqtisadiyyatına kifayət qədər böyük üstünlüklər qazandıra bilər.
Rüfət Sultan