Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.
Ermənistan və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Tərəflər hələlik sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açıblar. İki ölkə liderlərinin birbaşa görüşü də ola bilər. Amma hər şey prosesin inkişafından asılıdır.
Aparılan danışıqlar fonunda nəhayət sərhədlərin açılması mümkün ola bilərmi?
Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılının fikrincə, regionda davamlı stabilliyə nail olmaq üçünİrəvan "Böyük Ermənistan” və "genosid” kimi saxta iddialarından əl çəkməli, bu istiqamətdə yürütdüyü türk düşmənçiliyinə birdəfəlik son qoymalıdır:
"İrəvan bu istiqamətdə gerçək addımlar ataraq, qonşu dövlətlərə ərazi iddialarından birdəfəlik əl çəkərək, regionda normal qonşuluq siyasəti yürütməyə başlayacaqsa, bunun yalnız tərəfdarı olacağıq. Regionda əsas güc mərkəzi olan Türkiyənin təsir imkanlarının artması həm bölgədə sabitliyin təmin olunması, həm də Azərbaycanın maraqları baxımından tamamilə məqsəduyğundur və bu siyasətə müsbət yanaşırıq”.
AMİP lideri Etibar Məmmədov isə qeyd edir ki, sərhədlərin açılması İrəvanın Bakı ilə sülh müqaviləsi bağlamasından sonra reallaşacaq:
"Ərdoğanla Paşinyan arasında şəxsi görüşün olması da mümkündür. Burada heç bir problem yoxdur. Sərhədlərin açılması məsələsi isə əvvəldən razılaşdırılmış şərtə əsasən, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra baş verəcək. Sərhədlər hələlik ancaq üçüncü ölkə vətəndaşları üçün açıla bilər”.
Rüfət Sultan