"Rusiya ilə Türkiyənin əməkdaşlığı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsində kifayət qədər ciddi rol oynaya bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması istiqamətində aparılacaq danışıqlarla bağlı ilk görüş yeri kimi Moskvanın seçilməsinə münasibət bildirərkən deyib:
"Məlumdur ki, məhz Rusiyanın moderatorluğu ilə keçən il Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlara son qoyulub. Bütün bunlar təbii ki, Ankaranın Cənubi Qafqazda mümkün rolu və imkanları nəzərə alınmaqla da həyata keçirilib. Moskva Türkiyənin məlum müharibədə oynadığı rolu, onun Azərbaycanla münasibətlərinin mahiyyəti və xarakterini gözəl başa düşür. Yaradılan Birgə Monitorinq Mərkəzi də münaqişənin nəticələrinin aradan qaldırılmasında Ankara ilə Moskvanın əməkdaşlığına əsaslanır”.
Ekspert qeyd edir ki, öz növbəsində Türkiyə də Rusiyanın Ermənistana təsir imkanlarının olmasının mahiyyətinə varır:
"İrəvan da öz növbəsində heç şübhəsiz bu və ya digər qərarı verməmişdən əvvəl məsələnin Rusiyada doğura biləcəyi ajiotajı nəzərə almalıdır. Ankara bütün hallarda İrəvanın qəbul edəcəyi qərarların Moskvadan asılı olması amilini nəzərə alaraq, bu görüşün məhz Rusiyada, onun gözü qabağında baş tutmasının əleyhinə olmayıb”.
Digər tərəfdən, həmsöhbətimizə görə, Ankaranın Qərblə yaşadığı mövcud problemlər də sözügedən münasişəni məhz Rusiya ilə uzlaşdırılmış və koordinasiya şəklində həll etməyə sövq edir:
"Qərbin Türkiyəyə münasibətdə tutduğu mövqe də Ankaranı sözügedən görüşün məkanı barədə belə bir mövqe sərgiləməyə vadar edib. Rusiyanın Ermənistanda iqtisadi və hərbi baxımdan mövcudluğu və geopolitik anlamda Cənubi Qafqazda vəziyyətin Qərbin xeyrinə dəyişməməsi də Türkiyəni bu məsələdə Moskva ilə əməkdaşlığa getməyə sövq edən amillər sırasına aid edilə bilər”.
E. Mirzəoğlu onu da bildirdi ki, bütün hallarda Paşinyan Türkiyə ilə münasibətlərdə Qərbin maliyyə mənbələrinin sifarişlərindən çıxış edəcək.
Rüfət Sultan