Xəbər lenti

Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri - Perspektiv
Siyasət09:19 06.07.2021

Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri - Perspektiv

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu səfər Azərbaycan HHQ-nin yeni taktiki prinsiplər əsasında formalaşmasında önəmli rol oynayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri fonunda sözügedən sahədəki əlaqələrin perspektivdə daha hansı istiqamətlərdə inkişaf edəcəyi imkanlarından danışarkən deyib. Həmsöhbətimiz düşünür ki, bu sahənin daha da mükəmməlləşməsinə ciddi ehtiyac var: 
"Düşünürəm ki, peşəkarlıq baxımından Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyə HHQ qüvvələrindən öyrənməli olduğu hələ çox məsələ var.  Bu məsələlərin həllinə nail olmaq üçün qardaş ölkənin HHQ  komandanının Bakıya gəlişi mühüm əhəmiyyət kəsb edəcək və ciddi rol oynayacaq.  
Azərbaycan Ordusu da Türkiyə Ordusu kimi demək olar eyni taleyi yaşayır.  Azərbaycan Ordusu döyüş vəziyətində daim mükəmməlləşərək bugünkü vəziyyətə gəlib çatıb. Ordunun inkişafı qarşılıqlı təcrübə mübadiləsi nəticəsində baş verən, daimi izlənilən bir prosesdir. Azərbaycan dünyanın ən böyük hərbi sərgi, hərbi təlim və kampaniyalarına hər zaman iştirakçı və ya müşahidəçi kimi qatılıb və buna davam edir. Nəticədə bu iştirak fonunda ən yaxşı təcrübələrə yiyələnirik”. 
Ekspert dedi ki, bu gün isə təcrübə götürməli, örnək olan ordulardan biri məhz  Türkiyə Ordusudur: 
"Azərbaycan Ordusunun təməl prinsiplərinin formalaşmasında Türkiyə mükəmməl rol oynayıb. Türkiyə HHQ komandanının bu səfəri fonunda əldə ediləcək razılaşmalar Azərbaycan HHQ-nin yeni, taktiki prinsiplər əsasında formalaşmasında önəmli rol oynayacaq.  HHQ-nin ən müasir səviyyədə qurulması, bu istiqamətdə əldə olunan uğurların Azərbaycan ordusuna etap olunması və mütəxəssislərin yetişdirilməsi, yeni texnikanın alınması baxımından həmin səfər ölkəmizə böyük töhfə verəcək. Azərbaycan Prezidenti çıxışlarının birində təsadüfən deməyib ki, nəinki XXI əsrin, hətta XXII əsrin döyüşünə hazır olmalıyıq. Bu mənada Azərbaycan Ordusunun öyrənməli, tanış olmalı hələ çox məsələlər var. Bu məsələlərin həllində isə həlledici rolu qardaş Türkiyə oynayır”.
Rüfət Sultan