"Əlaqələr bərpa olunduqdan sonra, Azərbaycanı seçəcək potensial turistlər yenidən Türkiyəyə üz tutacaq. Çünki biz rəqabətdə hər zaman Türkiyəyə uduzuruq".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən deyib.
Natiq Cəfərlinin sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması regionda sülhə, iqtisadi münasibətlərə görə pozitiv addımdır: "Türkiyənin özünə də çox ciddi müsbət təsir göstərəcək. Amma Azərbaycana iqtisadi cəhətdən mənfi təsirləri olacaq".
Natiq Cəfərli
Ekspert bildirib ki, Türkiyənin kənd təsərüffatı mallarının bir hissəsi Azərbaycan üzərindən, Azərbaycan malları adı altında Rusiyaya gedirdi: "Burda həm logistikadan, həm də arada olan şirkətlər kifayət qədər qazanc əldə edə bilirdilər. Azərbaycanın kənd təsərrüfatı malları da Rusiya bazarına çox asanlıqla daxil olurdu. Bu münasibətlərin yaxşılaşmasından sonra əlaqələr köhnə qaydada bərpa olunacaq".
Natiq Cəfərli qeyd edib ki, Türkiyə turizm bazarının bağlanması Azərbaycana Rusiyadan gələn turistlərin sayında 20 faizlik artım yaradıb: "Bu da daxili bazar, turizm bazarı üçün pozitiv yüksək göstəricidir. Rus turistlər Türkiyədə istirahətə illərdir öyrənmişdilər. O bazar bağlanandan sonra Gürcüstan və Azərbaycanda turist kifayət qədər artmışdı. Əlaqələr bərpa olunduqdan sonra, Azərbaycanı seçəcək potensial turistlər yenidən Türkiyəyə üz tutacaq. Çünki biz rəqabətdə hər zaman Türkiyəyə uduzuruq. Turizm səviyyəsinə, qiymətlərə, maraqlı tarixi marşurutlara görə Türkiyə bizdən kifayət qədər üstündür. Ona görə də turistlər yenidən Türkiyəyə üz tutacaq".
Ekspert vurğulayıb ki, münasibətlər gərginləşəndən sonra, Orta Asiyaya Azərbaycan vasitəsilə keçən tranzit marşurutunda da kifayət qədər artım müşahidə olunurdu: "Bu həm Bakı Portunun gəlirlərini artırmışdı, həm də yol kənarında olan ticarət, iaşə obyektlərinə müsbət təsir göstərmişdi. Qırmızı Körpüdən Bakıya qədər olan məsafədə hərəkət edən tır sürücüləri bu obyektlərdən istifadə edirdilər. Bu sahədə də xeyli azalma olacaq. Bütün bunları nəzərə alsaq, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasının iqtisadi nöqteyi-nəzərdən Azərbaycana mənfi təsirləri olacaq. Amma bölgədə sabitlik və gərginliyin azalması üçün pozitiv addımdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az