"Türkiyə Krım və Şimali Kipr Türk Cümhuriyyətilə bağlı Rusiya tərəfindən səslənən təklifə getməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiya prezidenti Vladimir Putinin müşaviri, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin "Türkiyə Krımla bağlı iddiasından imtina edərsə, Rusiya da Şimali Kipr Türkiyə Cümhuriyyətini qanuni dövlət olaraq tanıyar” fikrinə münasibət bildirərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, bu məsələdə Krımla Kipri eyniləşdirmək doğru deyil:
"Kiprlə bağlı BMT-nin qərarı var. Kiprlə bağlı iki millətin təmsilçiliyindən ibarət dövlət mexanizminin yaradılması tövsiyə olunub. Bu ölkədə əslində iki millətin varlığı dövlətin əsas atributlarından biri kimi ortadadır.
Krım isə faktiki olaraq Ukraynanın BMT tərəfindən tanınan ərazisidir. Ona görə bu məsələdə Krımla Kiprin eyniləşdirilməsi heç bir halda Türkiyənin güzəştli mövqe tutmasına səbəb ola bilməz”.
Politoloq bildirir ki, belə bir güzəşt olsa da, proses həmin dövlətlərin beynəlxalq miqyasda tanınması ilə nəticələnməyəcək:
"Yəni Rusiyanın Şimali Kipri müstəqil dövlət kimi tanıması heç nəyi dəyişməyəcək. Moskva Abxaziyanı dövlət kimi tanısa da, dünya birliyi buna qarşıdır”.
N. Məmmədli düşünür ki, rusiyalı politoloq tərəfindən səslənən bu təklif əslində Qərblə Türkiyə arasında ziddiyyət yratmağa hesablanıb:
"Ankara-Moskva yaxınlaşması Rusiyadakı müəyyən dairələrdə heç də birmənalı qarşılanmayıb. Bəziləri bu yaxınlaşmadan narahat olub. Çünki Rusiyada çoxmilyonlu türkdilli xalqlar yaşayır. Digər tərəfdən, Türkiyənin bölgədə aktivləşməsi, geosiyasi rəqabətdə mühüm üstünlüklərə malik olması Rusiyada müəyyən narahatlıq yaradıb. Onlar Rusiya ilə Türkiyə arasında münasibətləri elə bir şəkildə tənzimləmək istəyirlər ki, Qərblə Ankara arasında uçurum yaransın. Türkiyə Krım və Şimali Kipr Türk Cümhuriyyətilə bağlı Rusiya tərəfindən səslənən bu təklifə getməyəcək. Ankaranın yeritdiyi siyasət daha çox beynəlxalq hüquqa əsaslanan siyasətdir”.
Rüfət Sultan