"Qəzzada baş verən son proseslərlə bağlı tərəflərin kompromis əldə edəcəkləri inandırıcı deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Türkiyə və İran XİN rəhbərlərinin Ciddədəki görüşünü şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Türkiyə və İran xarici işlər nazirləri arasındakı görüşdə əsasən İsrail-Fələstin münaqişəsi, onun fəsadları, regional münasibətlərə təsiri kimi məsələlər müzakirə olunub:
"Tərəflər görüşdə münaqişənin həlli yolu ilə bağlı fikir mübadiləsi aparıblar. Bu məsələdə tərəflər arasında üst-üstə düşən məqamlarla yanaşı, fikir ayrılıqları da mövcuddur. Hər iki tərəf İsrailin Qəzzadakı hərəkətindən narahatdır. Lakin mürəkkəblik odur ki, HƏMAS-ın addımlarını tərəflər fərqli qiymətləndirir. Bu məsələdə onların ortaq məxrəcə gəlməsi mümkün deyil".
Ekspert bildirib ki, hörüşdə Cənubi Qafqazda gedən proseslərin də müzakirə predmeti olması mümkündür:
"Çünki hər iki tərəf İrandan keçəcək dəmir və avtomobil yolu layihəsini dəstəkləyir. Məsələ ətrafında tərəflər ortaq məxrəcə gəliblər. Hımçinin danışıqlarda 3+3 platformasının müzakirə olunduğunu düşünürəm”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüş Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası çərçivəsində baş tutub.
Rüfət Sultan