"Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə bölgədəki vəziyyət və iki ölkə arasındakı münasibətlərdəki mövcud durum müzakirə predmeti olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu gün İrana reallaşacaq səfərinin məqsədlərini dəyərləndirərkən deyib:
"Çavuşoğlu İrana səfəri çərçivəsində ilk növbədə Türkiyə-İran münasibətlərində qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Qarşılıqlı maraq doğuran məsələlərdən biri isə Türkiyə Prezidenti Ərdoğan tərəfindən təklif olunmuş və Azərbaycan Prezidenti tərəfindən də dəstəklənmiş 3+3 formatı ilə bağlı Tehranın tutduğu məlum mövqe ilə bağlıdır. İran bu formatda əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinin heç də əleyhinə deyil. Sadəcə olaraq, bir müddət əvvəl İran tərəfdən bu ölkəyə aid təyinatı bəlli olmayan yüklərlə dolu maşınların Azərbaycanla razılaşdırılmadan Dağlıq Qarabağa yollanması münasiblərdə müəyyən problemlərin yaranmasına gətirib çıxardı. Tehranla Bakı arasındakı münasibətlərin kəskin mərhələyə keçmə ehtimalı fonunda isə İranın xarici işlər naziri azərbaycanlı həmkarına telefon açaraq, ölkəsinin Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı olmadığını bəyan etdi. Bundan sonra isə iki ölkə arasında olan münasibətlərdəki gərginlik müəyyən mənada səngiyib”.
Həmsöhbətimizin fikrincə, İran hələ də Türkiyənin Qafqazda mövcudluğuna NATO-nun mövcudluğu kimi baxır:
"Bütün hallarda Tehran Türkiyənin Azərbaycanda mövcudluğuna NATO-nun bölgədə fəallığı kontekstində qiymətləndirir. Halbuki, indilikdə Türkiyənin ABŞ və NATO ilə münasibətlərində gərginlik yaşanır. Çavuşoğlu İranlı həmkarı ilə görüşdə bölgədəki vəziyyət və Ankara-Tehran münasibətlərindəki mövcud durum müzakirə olunacaq. İran Türkiyənin enerji təhlükəsizliyində yer almaq istəyən dövlətlərdəndir. Hazırda Türkiyənin enerji təhlükəsizliyi Rusiya və Azərbaycan hesabına həyata keçirilir. Türkiyə, ümumiyyətlə, İranla münasibətlərdə ABŞ-ı narahat edən məqamlar olsa belə, həmin addımları atacaq”.
Rüfət Sultan