Xəbər lenti

Türkiyədə 2023 seçkiləri: Ərdoğanı hansı sürprizlər gözləyir? (MÜSAHİBƏ)
Siyasət08:54 10.06.2022

Türkiyədə 2023 seçkiləri: Ərdoğanı hansı sürprizlər gözləyir? (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə təxminən bir ildən sonra növbəti seçkilər baş tutacaq. Eyni anda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Bu fonda həm AKP iqtidarı, həm də müxalifət prosesə ciddi hazırlaşır. Hakim partiya artıq hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Müxalifətin isə namizədi hələlik bəlli deyil. Hələlik bir sıra aparıcı müxalif partiya bu istiqamətdə müzakirələr aparır. Seçkilər ərəfəsində Türkiyənin iqtisadi durumu pisləşməkdə davam edir. İnflyasiya kəskinləşir, türk lirəsi zəifləyir. Buna baxmayaraq, Ərdoğan bir sıra hallarda yenə populyar addlmları ilə seçicinin rəğbətini qazanmağa çalışır. Bu fonda Türkiyənin PKK terroruna qarşı mübarizə üçün Suriyanın şimalında növbəti əməliyyat keçirəcəyi də gözlənilir. Bu savaş seçkilərə təsirsiz ötüşməyəcək.
Türkiyədəki seçkiqabağı vəziyyəti müzakirə etmək üçün Qaynarinfo Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğluna müraciət edib.
- Ankara meri Mənsur Yavaşı Ərdoğanın mümkün varisi adlandırırlar. Bir sıra partiyalar da onu müdafiə edə biləcklərini açıqlayıblar. Yavaşın prezidentliyə gedən yolu gerçəkdən açıqdırmı?
- Mənsur Yavaşın adı CHP-nin prezidentliyə namizədi kimi daha əvvəl də hallanıb. Onun bir neçə üstünlüyü var. Birincisi, Ankarada çox yaxşı bələdiyyə sədri oldu, insanların rəğbətini qazandı, təmiz işlədi və şəhərin problemlərinin çoxunu həll elədi. Yəni, paytaxtda ciddi müsbət təcrübəsi var. İkincisi, milliyyətçi qanada yaxındır, namizəd olarsa, Cumhur İttifaqının səslərini bölə, milliyyətçi kəsimdən səs ala bilər. Lakin CHP-dən namizədliyə iddialı başqa siyasətçi də var -  İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu. Əkrəm İmamoğlu partiyadaxili praymerizdə Mənsur Yavaş üçün ciddi rəqibdir. Çünki o daha böyük və həlledici şəhərin rəhbəridir, ilk dəfə uzun illərdən sonra Ərdoğanın hakimiyyəti dövründə İstanbul kimi şəhərin bələdiyyə sədri postunu hakim partiyadan ala bildi. Əkrəm İmamoğlu gəncdir, mühafizəkar dairələrə yaxındır, özü də Ərdoğan kimi Qara dənizlidir. Bütün bunlar onun üçün avantajdır. Lakin işlədiyi dövrdə populizmi, reklama həddən çox yer verməsi və iqtisadi böhranın dərinləşməsi onun üçün ciddi sınaqdır. Digər mümkün namizəd Kamal Kılıçdaroğlu da seçkilərə qatılacağı ilə bağlı mesaj verib. Amma yəqin ki, CHP-nin rəhbərliyi bu 3 şəxs içərisindən daha çox şanslı və ən əsası müttəfiqlərin qəbul edəcəyi namizədi irəli sürəcək. Çünki CHP-nin daxil olduğu Millət İttifaqı blokunda digər partiyaların da vahid namizəd məsələsində rəyi nəzərə alınacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə müxalifətinin 6 partiyası – CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası seçkilərə birgə siyahı ilə getməyi planlaşdırır. Əgər bu seçki ittifaqı alınarsa, o zaman vahid namizədi digər partiyalar da qəbul etməli olacaq. Bu baxımdan indidən Mənsur Yavaşın namizəd olacağını demək tezdir. 
- Necə düşünürsünüz, Ərdoğanın səhhəti, ölkədə dərinləşən inflyasiya onun qarşıdan gələn seçkilərdən kənara çəkilməsi və yeni varis planına rəvac verə bilərmi? 
- Ötən 20 ilin Türkiyə siyasi tarixi göstərdi ki, Ərdoğan hər hansı problemli vəziyyətə görə geri çəkilən lider deyil. Əksinə, hazırkı vəziyyətdə o, maksimum dərəcədə seçkilərə özünün qatılmasına çalışacaq. Artıq Cumhur İttifaqı Ərdoğanın namizədliyini elan edib. Onun seçkidən imtinası yalnız qeyd etdiyiniz kimi, səhhətinin həddən artıq pisləşməsi zamanı ola bilər. Amma hələlik elə bir ciddi vəziyyət yoxdur. Bu mənada düşünürəm ki, Cumhur İttifaqının namizədi Ərdoğan olacaq.
- Ərdoğan iqtisadi böhrandan qurtulmaq üçün bir sıra fondlardan, o cümlədən ərəb ölkələrindən kreditlər almaq istəyir. Gözlənilən kreditlər alınmasa, Türkiyənin iqtisadi böhranı daha da dərinləşə bilərmi və bu amilin seçkiyə hansı təsiri ola bilər? 
- Türkiyənin iqtisadi vəziyyətində əsas problem Qərbin iqtisadi təzyiqləridir. Türkiyənin böyüyən iqtisadiyyatı var. Amma sərmayə axını dayandığı və ya azaldığı üçün Türkiyədə bu cür maliyyə çalxalanmaları yaşanır. Milli valyuta dəyərdən düşür. Bu mənada düşünürəm ki, Türkiyədə problem ərəblərdən pul alıb-almamaq deyil, Qərbin təzyiqləri, o cümlədən iqtisadi təzyiqlərdir. Bu amil seçkilərə təsir edəcək. Amma bunun həlledici olub-olmadığını demək tezdir. 
- Başqa kimlər prezident seçkilərində namizəd ola bilər? Məsələn, Süleyman Soylu namizədliyini irəli sürə bilərmi?
- Süleyman Soylunun namizədliyi siyasi kuluarlarda daha çox fövqəladə vəziyyətlər üçün hallanır. Yəni hakimiyyət daxilində hər hansı gözlənilməz situasiyada Soylu hakim partiyanın namizədi ola bilər. Amma düşünürəm ki, bu, çox zəif ehtimaldır. Çünki Soylunun digər siyasi partiyalar və ictimaiyyət arasında nüfuzu azdır. Üstəlik hakimiyyət daxilində çox güclü rəqibləri var. Digər mümkün namizəd Meral Akşənər Türkiyə siyasətində çox ciddi çəkisi olan partiya sədridir. Lakin hazırda onun da müxalifət blokunun vahid namizədi olmaq şansı azdır. 
- Bəs, solçu düşərgədə vəziyyət necədir? Solçuların namizədi kim ola bilər?
- Budəfəki seçkilərdə Türkiyədə yenə də iki əsas ittifaq arasında mübarizə olacaq. Hakim partiyanın MHP ilə birgə qurduğu və əsasən mühafizəkar qanada – islamçılar və milliyyətçilər – xitab edən Cumhur İttifaqı və onun alternativi olan qeyd etdiyim partiyalar bloku. Amma bu blok siyasi oriyentasiya baxımından həddən artıq zəngindir. İslamçı mühafizəkar Səadət Partiyası, mərkəz-sol CHP, sağ mərkəzçi və millətçi qanada yaxın İYİ Partiya, yaxud da liberal-mühafizəkar DEVA və Gələcək Partiyaları həddən artıq rəngarəng bir palitra yaradır.
- Ərdoğan ağır iqtisadi durum fonunda Suriyada savaşa başlasa, iqtisadi problemlər daha da qabara bilərmi? Belə vzəiyyətdə ölkə daxilində PKK terrorunun aktivləşməsi mümkündürmü?
- Hələlik Suriya əməliyyatı Rusiyanın razılığı olmadığı üçün ləngiyir. Amma düşünürəm ki, seçkiyə qədər bu əməliyyat olacaq. Çünki həm Suriyanın şimalında vəziyyət getdikcə daha da dramatikləşir, həm də daxildəki auditoriya üçün seçkiqabağı uğurlu hərbi əməliyyat faydalı olacaq. Bu mənada hökumətin əməliyyatlara gedəcəyini gözləyirəm. İqtisadi vəziyyət bütün dünyada pisləşir və bu da Ərdoğanın xeyrinə işləyir. O çalışacaq ki, qlobal problemin olduğunu cəmiyyətə nümayiş etdirsin.
- Ümumiyyətlə, seçkidə kimin qalib gəlmə şansı daha çoxdur?
 
- İndidən seçkinin nəticələrini təxmin etmək çox çətindir. Bu, daha çox münəccimlik olardı. Əlbəttə, hakim partiyanın administrativ resursları, çoxillik seçki təcrübəsi və vahid komandası var. Müxalifətin üstünlüyü isə ölkədəki maliyyə böhranı, qaçqınlar və digər sosial-iqtisadi problemlədir. Bundan başqa, insan haqları ilə bağlı vəziyyət, məhkəmə sistemindən narazılıq müxalifət üçün şanslardır. Ancaq bütün bunlardan uğurla istifadə etmək və qələbə qazanmaq üçün müxalifətə iki mühüm faktor lazımdır. Doğru seçilmiş vahid namizəd və xarici dəstək. Əgər Millət İttifaqı Ərdoğanla seçkidə yarışacaq və bütün müxalifəti öz ətrafında birləşdirə biləcək vahid namizəd çıxara bilsə, o zaman şansı artacaq. Əks təqdirdə məğlubiyyətə məhkumdurlar.
- Türkiyədə hakimiyyət dəyişikliyinin baş verməsinin Bakı-Ankara münasibətlərinə nə kimi təsiri ola bilər?
- Əlbəttə, yeni hakimiyyət dövründə münasibətlər də yenidən qurulacaq. Türkiyə və Azərbaycan münasibətləri nə bütövlükdə strateji maraqlara əsaslanır, nə də hakimiyyətlər arasındakı münasibətlərə. Burada hər iki amilin rolu var. Amma düşünürəm ki, Türkiyədə müxalifət hakimiyyətə gəlsə də, iki ölkə arasındakı strateji münasibətlər davam edəcək və inkişaf etdiriləcək. Ola bilər ki, prezidentlər arasında indiki səviyyədə dostluq olmasın. Amma dövlətlər arasında münasibətlər yüksək səviyyədə olacaq.
- Ərdoğan uduzsa, yeni hökumətin Qərbə və Rusiyaya münasibəti necə olacaq? 
- Düşünürəm ki, Türkiyədə müxalifət hakimiyyətə gələrsə, ölkədə böyük ehtimalla siyasi sistem yenidən formalaşdırılacaq, parlament üsul-idarəsinə geri dönüləcək. Xarici siyasətə gəlincə, bu, daha çox kimin hakimiyyətə gəlməsindən asılı olacaq. Amma ümumilikdə ABŞ-la münasibətlərin qaydaya salınacağını, Avropa ilə əlaqələrin normallaşdırılacağını düşünürəm. Amma hazırda Qərb və Türkiyə arasında bir sıra problemlər var ki, onların səbəbi Ərdoğan deyil. Bu mənada bəzi anlaşılmazlıqların davam edəcəyi, onların aradan qaldırılmasının zaman alacağını düşünürəm. Eyni şəkildə Rusiya ilə bağlı. Türkiyədə müxalifət hakimiyyətə gəldikdə dərhal Rusiya ilə düşmən olacağını düşünümürəm. Siyasətdə yekun qərarları bir qayda olaraq maraqlar diktə edir. 
Rüfət Sultan