"ABŞ, Avropa İttifaqı və Rusiya arasında Türkiyədə keçirilən görüş tərəflərin bir-birinin mövqelərini öyrənmək məqsədi daşıyıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycanın sentyabrın 19-20-də lokal antiterror tədbirlərinə başlamasından az əvvəl, sentyabrın 17-də Türkiyədə Qarabağla bağlı Rusiya nümayəndələri ilə gizli görüşünü şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, dünya diplomatiyasında ən gərgin anlarda bir-birilə müharibə və münaqişə aparan dövlətlər "arxa yollarla" fikir mübadiləsi aparırlar:
"Onlar bununla daha ağır nəticələrdən yayınmağa cəhd edirlər. Belə görüşlərlə həm də bir-birinin mövqelərini də öyrənirlər. Türkiyədə Aİ, ABŞ və Rusiya rəsmilərinin Qarabağla bağlı olan gizli danışıqları da məhz bu məqsədə xidmət edir. Hamı çox gözəl bilirdi ki, Qarabağda antiterror əməliyyatı baş verəcək. Qarabağdakı qanunsuz hərbi birləşmələr ya özləri çıxmalı idilər, ya da onları çıxaracaqlar. Necə ki, bu baş verdi. Bunu Amerika, Avropa, Rusiya da bilirdi. Türkiyə görüşündə də tərəflər bu məsələni müzakirə ediblər”.
Həmsöhbətimizə görə, antiqonist tərəflərin Türkiyədə bir araya gəlməsi heç də onların Azərbaycan Ermənistan məsələsində eyni mövqedən çıxış edəcəkləri anlamına gəlməməlidir:
"Sadəcə, bir-birinin mövqelərini dəqiqləşdiriblər. Tərəflər arasında ortaq nöqtə isə əldə edilməyəcək”.
Qeyd edək ki, Aİ, Rusiya və ABŞ Qarabağda bir günlük hərbi əməliyyatdan bir neçə gün əvvəl gizli danışıqlar aparıblar. ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmiləri sentyabrın 17-də Türkiyədə Qarabağla bağlı gizli fövqəladə danışıqlarda Rusiya nümayəndələri ilə görüşüb. Bildirildiyinə görə, görüş Qarabağa aparan Laçın dəhlizinin 9 aylıq "blokadasına” son qoymaq və Ermənistandan humanitar yardım karvanlarına icazə vermək üçün Azərbaycana təzyiq göstərmək səyləri çərçivəsində baş tutub. Bu görüşdə ABŞ-ı Vaşinqtonun Qafqazda danışıqlar üzrə baş məsləhətçi Lui Bono təmsil edib. Aİ regiona öz nümayəndəsi Toyvo Klaar, Rusiyanı isə Putinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
Rüfət Sultan