Azərbaycanlı rəqqas-xoreoqraf Şəhriyar Cəfərovun Türkiyədə müəllif hüquqları pozulub.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Ş. Cəfərovun sözlərinə görə, bu ilin iyun ayında Türkiyədə layihə rəhbəri Serhat Turak tərəfindən "Kardeşlik Destanı" adlı müzikl-şouya azərbaycanlı xoreoqraf olaraq dəvət olunub:
"Adından da göründüyü kimi, layihə Azərbaycan-Türkiyə qardaşlığından bəhs edir. Bir vətənpərvər insan olaraq layihə mənə çox maraqlı gəldi və layihəyə dəvəti məmnuniyyətlə qəbul etdim. Bütün yayı biz rəqqaslarla gərgin iş rejimində çalışdıq. Proektin demək olar ki, bütün hissəsini təşkil edən rəqslərə quruluş verdim. Üç ay gərgin məşqlər keçirildi. Layihədə Azərbaycandan dəvət alan rəqqaslar da var. Layihədəki bütün Azərbaycan folklor rəqslərinə quruluşu mən vermişəm, eyni zamanda modern balet quruluşlarım da var. Demək olar ki, şounun rəqslərinin çox hissəsi mənim əməyimin məhsuludur”.
Ş. Cəfərov deyir ki, premyeraya bir neçə gün qalmış layihənin rəhbəri ilə arasında mübahisə yaranıb:
"Layihənin rəhbərinin işimə müdaxiləsini gördüm. Məndən icazəsiz və mənim xəbərim olmadan rəqslərimdə dəyişiklik etmək istədi. Bundan da əlavə, rejissor kimi bütün işi öz adına çıxdığına görə onunla aramızda mübahisə düşdü və mən bu səbəbdən proekti tərk etdim. Çox gözləsəm də, rəhbər tərəfdən heç bir açıqlama, üzr və geri çağırış olmadı. Proektin ideya müəllifi və rəhbəri olan Sərhat Turak bütün əməyi öz adına çıxdı. Sosial şəbəkələrdə paylaşım edib, mətbuatda və televiziyalara proektdəki rəqslərlə bağlı müsahibələr verərkən layihənin xoreoqrafı kimi məndən bəhs etmədi. Bir dəfə də əməyimi qiymətləndirmədi. Müəllif hüquqlarımın pozulması, əməyimin bu şəkildə dəyərsizləşdirilməsi məni çox rahatsız edib və üzüb”.
Ş. Gəfərov layihədə yer alan digər xoreoqrafların da eyni hal ilə üzləşdiyini vurğulayıb:
"Bu bir rəqs şoudur, yəni burda ağırlıq rəqslərədir. Müğənni ifaları və ya aktyor oyunları deyil, məhz rəqslər şounu təşkil edir. Belə olan halda şounun rəhbərinin xoreoqraflara qarşı belə davranışı yolverilməzdir. Bundan əlavə, mənim quruluş verdiyim, 3 ay boyunca gərgin iş rejimində çalışıb məşqlər edib ərsəyə gətirdiyim rəqslər "Kardeşlik Destanı" layihəsi çərçivəsindən kənar olaraq digər tədbirlərdə də səhnəyə çıxardılıb. Fikrimcə, bu, bir xoreoqrafa, bir müəllifə qarşı edilən hörmətsizlikdir. Bundan başqa sənətə qarşı hörmətsizlikdir və görülən işə qarşı məsuliyyətsizlikdir”.
Ş.Cəfərov öz müəllif hüquqlarını qorumaq naminə Türkiyə Cümhuriyyətinin hüquq qanunlarına inanaraq məhkəməyə müraciət edəcəyini bildirib: