Dünya 19:10 26.05.2022

Türkiyənin dünyanı aclıqdan qurtarmaq planı: Rusiya və Ukrayna ilə danışıqlar gedir

Türkiyə Ukraynadan taxıl ixracı məqsədilə Bosfor boğazı vasitəsilə dəhliz açmaq üçün Rusiya və Ukrayna ilə davam edən danışıqlar aparır.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə yüksək rütbəli anonim türk rəsmisi bildirib

Rusiyanın fevraldakı işğalından sonra Ukraynanın Qara dəniz limanları bağlanıb və orda 20 milyon tondan çox taxıl qalıb.

Qlobal buğda tədarükünün təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür və Ukraynadan ixracın dayanması qlobal ərzaq böhranının artmasına səbəb olub.

"Türkiyə Ukraynadan taxıl ixracı üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparır", - rəsmi danışıqlar məxfi olduğu üçün adının açıqlanmasını istəməyən məmur deyib.

"Türkiyədən açılacaq dəhlizlə bu taxılın hədəf bazarlarına çatması üçün tələbat var idi. Danışıqlar hələ də davam edir", - deyə şəxs əlavə edib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çərşənbə günü bildirib ki, Moskva bəzi Qərb sanksiyalarının ləğv edilməsi müqabilində ərzaq daşıyan gəmilər üçün dəhliz verməyə hazırdır.

Ayrılıqda məsələdən xəbəri olan digər iki şəxs də Türkiyənin taxılın Ukraynadan daşınmasına kömək etməsi ilə bağlı müzakirələri təsdiqləyib. Mənbələrdən biri deyib ki, NATO üzvü olmasına baxmayaraq, Rusiya Türkiyəni alyansın digər Qərb üzvlərindən daha "bitərəf” görür. 

"Türkiyə Odessadan Qara dəniz vasitəsilə bu ixracatın bir növ monitorinqinə töhfə verməyə hazırdır, çünki Türkiyə Qara dənizdə ənənəvi olaraq çox güclüdür və onlar kömək etməyə hazırdırlar”,- anonim avropalı rəsmi şəxs Reuters-ə deyib. 

Bununla belə, rəsmilər və analitiklərin fikrincə, hər hansı bir razılaşmanın qarşısında Rusiyanın bəzi sanksiyaların ləğv edilməsini tələb etməsi, üzən minalar və dəniz yolunun sığortalanması üçün böyük xərclər kimi bir çox maneələr var. 

Nurlan Hüseynov