"Hər bir halda Türkiyənin prosesdə iştirakı Azərbaycan üçün yarana biləcək təhlükələri sığortalayır. Çünki Türkiyənin iştirakı geosiyasi cəhətdən də prosesdə balans yaratmış oldu. Bu da çox önəmlidir. Gələcək perspektivdə də Azərbaycanın əleyhinə ola biləcək addımların atılması mümkün deyil".
Bu sözləri politoloq Natiq Miri Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair imzalanan müqaviləni Qaynarinfo-ya şərh edərkən bildirib. Onun sözlərinə görə, Rusiyanın Qarabağda sülhməramlı kimi fəaliyyət çərçivəsi hələ bəlli deyil:
"Fəaliyyət çərçivəsi razılaşdırılan zaman Azərbaycan ilk növbədə çalışmalıdır ki, Rusiya ordusunun Qarabağdakı fəaliyyəti geniş yox, məhdud olsun. Bu çox önəmlidir. Həmçinin nəzərə almaq lazımdır ki, Türkiyə Qarabağda Rusiya ilə bərabər statusda çıxış etmir. Sülhməramlı olaraq yeganə çıxış edən hərbi qüvvə Rusiyadır. Türkiyə yalnız Azərbaycan, Rusiya və Ermənistanın qəbul etdiyi bəyanatın 5-ci maddəsində qeyd olunduğu kimi monitorinq mərkəzində məsələnin texniki tərəfini həyata keçirəcək heyətlə prosesdə iştirak edəcək. Doğrudur, Rusiya ordusuna sülhməramlı qüvvə olaraq bütün "çirkli işlər" tapşırılıb. Söhbət ondan gedir ki, hələ də işğaldan azad olunmayan ərazilərimizdə mülki erməni əhalisi və Ermənistan qoşunları var. Bu qüvvələrin ərazidən çıxarılması Rusiya ordusuna həvalə olunub. Rusiya ordusunun da nə qədər qaba bir güc olduğunu bildiyimiz üçün, belə çirkli işlərin ruslar tərəfindən görülməsi məqsədəuyğundur. Ayrıca bundan sonra yaradılacaq 16 müşahidə məntəqəsində olan hadisə və proseslər haqda məlumatlar dərhal Rusiya və Türkiyənin yaratdığı monitorinq mərkəzlərinə ötürüləcək ki, bunun əsasında qərarlar birgə qəbul olunacaq.
Ancaq unutmaq olmaz ki, bu gün hərbi qaba güc olaraq 2 minə yaxın hərbçi və çoxsaylı texnikaları ilə Qarabağda iştirak edən qüvvə Rusiyadır. Türkiyə yalnız texniki heyətlə bu prosesdə iştirak edəcək. Ancaq hər bir halda Türkiyənin prosesdə iştirakı Azərbaycan üçün yarana biləcək təhlükələri sığortalayır. Çünki Türkiyənin iştirakı geosiyasi cəhətdən də prosesdə balans yaratmış oldu. Bu da çox önəmlidir. Gələcək perspektivdə də Azərbaycanın əleyhinə ola biləcək addımların atılması mümkün deyil. Çünki prosesdə Türkiyə də iştirak edir və qərarlar Rusiya ilə birgə veriləcək. Ayrıca Türkiyə hələ də bu prosesdə Rusiya üçün yeganə çəkindirici güc kimi iştirak edir ki, bunun da çöx önəmi var. Ona görə də Rusiya ilə Türkiyə arasında imzalanan anlaşma Azərbaycan üçün çox vacib idi. Bu Rusiyanın istəyi ilə olan məsələ deyildi, sadəcə Türkiyənin burada varlığı bu məcburiyyəti yaratdı”.
Orxan Əhmədli