"Ərdoğan çox konkret şəkildə Ermənistanın bu hücumlarının arxasında başqa dövlətin dayandığını bildirdi".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair siyasətinin xeyli fəallaşmasının qurumun həmsədrlərinin fəaliyyətinə təsir imkanlarından danışarkən deyib.
Politoloqun fikrincə, Ankaranın Tovuz hadisələrindən sonra sərgilədiyi mövqe Türkiyənin əvvəlkli mövqeyinin davamıdır:
"Yəni, Türkiyə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə həmişə birmənalı şəkildə Azərbaycana dəstək verib. Təbii ki, sonuncu bəyanatlar, Tovuz döyüşlərindən sonra Prezident Ərdoğanın açıqlaması əvvəlkilərə nisbətən daha konkret, daha sərt idi. Bunu xüsusi qeyd eləmək lazımdır. Ərdoğan çox konkret şəkildə Ermənistanın bu hücumlarının arxasında başqa dövlətin dayandığını bildirdi. Söhbət Rusiyadan gedirdi. Rusiyanın adını çəkməsə də, aydındır ki, Ermənistanın arxasındakı dövlət hansıdır. İkincisi də, həm Ərdoğan, həm də Türkiyənin digər səlahiyyətli səxsləri Azərbaycana hər cür yardım etməyə hazır olduqlarını bəyan etdilər. Təbii ki, bu mövqe Azərbaycan üçün qiymətlidir və ictimaiyyətdə gözləntilər var ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı artıq müttəfiqlik səviyyəsinə yüksəlsin. Əlbəttə ki, bu, təkcə Türkiyədən deyil, həm də Azərbaycandan asılı məsələdir. Gərək Azərbaycan höküməti müraciət etsin, bu mövzuda yüksək səviyyədə ikitərəfli məsləhətləşmələr başlasın".
Türkiyənin mövqeyinin Minsk Qrupunun mövqeyinə təsir edəcəyi ehtimalına gəldikdə isə Şahin Cəfərli bu barədə nikbin olmadığını dedi:
"Çünki Türkiyə əvvəldən də Minsk Qrupunun üzvu idi. Amma Minsk Qrupunun sıravi üzvlərinin mövqeyi təəssüf ki, həmsədr ölkələrin mövqeyinə təsir etmir. Yəni, 3 həmsədr ölkə - Amerika, Fransa və Rusiya bunlar sanki digər həmsədrlərdən qopmuş şəkildə fəaliyyət göstərirlər. Onlardan da xəbərsiz hansısa təkliflər hazırlayıb münaqişə tərəflərinə təqdim edirlər. Və sonradan üzvlərə də məlumat verilir ki, belə bir bir təkliflər var. Amma yenə qeyd etmək istəyirəm ki, Minsk Qrupunun sıravi üzvlərinin, o cümlədən Türkiyənin həmsədr ölkələrin mövqeyinə ciddi, real bir təsiri yoxdur. Xüsusən də nəzərə alsaq ki, bu 3 həmsədr ölkənin arasında da Dağlıq Qarabağ məsələsində ən aktivlik göstərən ölkə Rusiyadır".
Politoloq bildirib ki, Rusiya Türkiyənin bu bölgədəki maraqlarını nəzərə almır:
"Rusiya ilk növbədə öz maraqlarını düşünür. Və qismən də Qərblə münasibətləri pozmamaq üçün onların da maraqlarını təmin edir. Amma əsasən Rusiyanın siyasəti ondan ibarətdir ki, regionda öz maraqlarını təmin etsin. İstər Cənubi Qafqazda, istərsə də ümumi Post-sovet məkanında. Bu baxımdan Türkiyənin mövqeyinin Rusiya və digər həmsədr ölkələrin mövqeyinə ciddi təsir edəcəyinə şübhə edirəm".
Bahar Rüstəmli