Xəbər lenti

Türkmənistan qazı Ermənistana çatacaq, yoxsa yenidən yarı yolda qalacaq?
Ekonomiks10:16 30.05.2022

Türkmənistan qazı Ermənistana çatacaq, yoxsa yenidən yarı yolda qalacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın neft naziri Cavad Oci bu yaxınlarda bildirib ki, "Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı danışıqlar başlayıb. Biz bu ölkənin qaz şəbəkəsinin yüksək tutumuna görə yaxın vaxtlarda yaxşı nəticələr əldə edəcəyik".
Nazir əmin edib ki, İran Türkmənistan qazını svap sistemi ilə Ermənistana nəql etməyə hazırdır.
Xatırladaq ki, svap İranın öz sərhədində türkmən qazını qəbul etdiyi və İranın Ermənistana qaz tədarük etdiyi sistemdir.
Bu, uzun müddətdir ki, haqqında danışılan İran-Ermənistan əməkdaşlıq formatıdır. Bu günə qədər dəfələrlə danışıqlar aparılsa da, müxtəlif səbəblərdən yekun nəticə əldə olunmayıb.
Bu dəfə nə olacaq, zaman özü göstərəcək. İranın neft nazirinin optimizminə baxmayaraq, danışıqların necə yekunlaşacağını söyləmək hələ tezdir. Tərəflər bundan qabaq bir dəfə də həll yoluna çox yaxın olasalar da, son anda sövdələşmə baş tutmayıb. 
Məlumdur ki, Türkmənistan qazı Ermənistan üçün daha ucuz başa gələndir. Bəs Türkmənistan qazı belə ucuzdurmu ki, rus qazını əvəz edə bilsin? Bu da məlumdur ki, Ermənistan Rusiya qazını güzəştli şərtlərlə alır və qiyməti xeyli münasibdir.
Son məlumatlara görə, Rusiya Ermənistana qazını hər min kubmetr üçün 165 dollara satır və bunun kalorifik dəyəri 10 dollara qədər artaraq 175 dollara çıxır. Region ölkələrinə verilən İran qazı isə ən azı iki dəfə bahadır. Məhz buna görədir ki, illərdir Ermənistan İran qazını almayıb.
Üstəlik, Nikol Paşinyan da hakimiyyətə gələndən sonra Ermənistan İrandan qaz almayıb, indi də almır, çünki əvvəllər olduğu kimi, o, Rusiya qazından qat-qat bahadır.
Lakin buna baxmayaraq, Ermənistan ancaq mübadilə üçün İrandan qaz alır və yəqin ki, qaz əvəzinə İrana elektrik enerjisi verir.
Bu, mübadilə hələ 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. Proqram çərçivəsində alınan 1 kub İran qazına görə Ermənistan 3 kilovat elektrik enerjisini qaytarır.
Bu müqavilənin müddəti başa çatmaq üzrədir və hazırda yeni müqavilənin bağlanması imkanları müzakirə olunur. İran tərəfinin əvvəlki razılaşmalarla bağlı müəyyən ehtiyatları var. Ona görə də yeni müqavilə əsasında qaz üçün verilən elektrik enerjisinin həcmini artırmaq niyyətindədir.
Belə ki, danışıqların nəticəsi necə olacaq, bu yaxınlarda bəlli olacaq.
Əgər hazırkı qaz-işıq nisbəti İran tərəfinin gözlədiyi kimi dəyişsə, bu, Ermənistanın maraqlarına uyğun olmayacaq. Verilən qaza görə nə qədər çox elektrik enerjisi ödənilirsə, əməliyyatın səmərəliliyi bir o qədər aşağı olur. Yaxud İran-Ermənistan arasında üçüncü yüksək gərginlikli elektrik ötürmə xətti işə salınsaydı, onda bu, İranla enerji mübadiləsinin həcmini üç dəfə artırmağa imkan verər və bunun müqabilində İrandan qaz idxalı artardı.
Bu, çoxdan əldə olunmuş razılaşmadır, lakin üçüncü yüksək gərginlikli xəttin çəkilişində gecikmələr olduğundan daim yubanır. Stansiya hələ 2019-cu ildə istifadəyə verilməli olsa da, hələ də tamamlanmayıb.
Əvvəllər lahiyə ləngiyirdisə, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra tamamilə dayanıb. 
Ümumiyyətlə, son illər Ermənistan-İran lahiyə proqramları çox passivləşib. Söhbət təkcə enerjidən deyil, həm də digər iqtisadi proqramlardan gedir.
Enerji sektorunda bir sıra əvvəlki proqramlar var ki, onların icrası haqqında danışmaq belə mənasızdır. Onların artıq reallaşmaq perspektivi yoxdur!
Bir vaxtlar İranla sərhəddə azad iqtisadi zonanın yaradılması planının çox yaxında olduğu görünürdüsə, artıq 4 il keçsə də, reallıqda hələ də heç nə yoxdur.
Son zamanlar Ermənistan-İran əməkdaşlığının genişləndirilməsi, o cümlədən türkmən qazının İran vasitəsilə Ermənistana çatdırılması ilə bağlı danışıqlar yenidən intensivləşib. Amma bu, o halda ola bilər ki, türkmən qazının qiyməti Rusiya qazından daha münasib olsun. Əks halda, belə bir sövdələşmənin ən azı iqtisadi və maliyyə baxımından heç bir mənası olmayacaq.
Hazırda Ermənistanın daxili istehlakı yalnız Rusiya qazına əsaslanır.
Bu lahiyənin taleyi hələ də məlum deyil. Hökumət isə İranın neft nazirinin Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı bəyanatını şərh etməyə tələsmir. Və bu o deməkdir ki, burada nəsə düzgün deyil. Əks halda, Ermənistan rəsmiləri çoxdan böyük səs-küy salmış olardılar.
Telman Qasımov