Xəbər lenti

Türyançay əfsanəsi - HEKAYƏ
Sənət09:00 19.06.2023

Türyançay əfsanəsi - HEKAYƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bizim kəndin təbiəti nisbətən səfalı olsa da, yayı həddindən artıq isti, qışı isə çox soyuq keçir. Demək olar ki, kəndimizin özünəməxsus bir gözəlliyi var. Bu gözəlliyə ahəng qatan isə insanların mərdliyi, qonaqpərvərliyi, mehribanlığı və həm xeyirdə, həm də şərdə bir-birinin yanında olub, əl tutmasıdır. Lakin digər yerlər kimi bizim kəndin də özüəməxsus adətləri, cəmiyyətin qınaq obyektindən yayınan dəyərləri var. Əslində, kənd yerində bu adət və ənənələrin öz təravətini qoruyub, saxlaması çox normaldır. Çünki keçmişi gələcəkdən fərqləndirən amillərdən biri də budur. Xüsusən də ailədaxili məsələlərdə bu ənənələr özünü daha çox göstərir. 
***
Mayın ortaları idi. Kəndimizi qonşu rayonlarla ayıran Türyançay çayına yenə sel gəlmişdi. Çaydan əkin sahələrinin suvarılması üçün istifadə edən kənd sakinləri üçün bu, əla fürsət idi. Çünki Böyük Qafqaz dağları silsiləsində müstəsnalıq təşkil edən Türyançay bu kəndin sakinləri üçün əsas nəfəslik idi və çayın suyunun daşması sakinlərə nəfəs verirdi. Amma çayın əsrarəngiz gözəlliyi kimi, qəddarlığı da az deyildi. Tuncay və Gülnazın faciəsi kimi.
***
Tuncay bizim kənddə yaşayırdı. Gülnaz isə qonşu kəndin sakini idi. Onlar ilk dəfə Türyançayın sahilində tanış olmuşdular. Gülnaz onda kəndin qızları ilə çaya paltar yumağa gəlir, Tuncay isə ən sevimli məşğuliyyəti ilə-balıq tutmaqla məşğul olurdu. Elə onların sonu faciə ilə bitən məşum eşqləri də burada başlamışdı: Gülnaz çaya platar yumağa gələndə Tuncay onu görmüş və görən kimi də ürəyinə od düşmüşdü. Lakin kənd həyatının qanundankənar qanuni qaydaları, hamı kimi bu iki gəncin də qarşısında ən böyük maneə idi. Yəqin buna görə, Tuncay Gülnazı hər dəfə görəndə uzaqdan, gizlicə tamaşa edir, abrına qısılıb sadəcə baxmaqla kifayətlənirdi. Ürəyini qovuran ilk məhəbbət duyğusunu məşuquna deyə bilmirdi. 
Gülnaz uzun, qıvrım saçları, cazibədar qaməti, iri, badamı gözləri mülayim çöhrəsinə bəzək verən kəndin ən gözəl qızı idi. Elçiləri çox olsa da, atası onu kiməsə verməyə qıymırdı. Düşünürdü ki, əziyyət görmədən böyüyüb, boya-başa çatan qızına, heç kim onun qədər qayğı göstərə bilməz. Elə Gülnaz özü də mental dəyərlərdən nisbətən uzaq və yalnız sevəcəyi təqdirdə ailə qurmaq düşüncəsinə sahib olduğu üçün, evlənməyə tələsmirdi. 
Tuncay isə ortaboylu, qarayanız, qısa vurlmuş saçları nazik saqqalına bəzək verən və möhkəm fiziki görünüşə malik bir gənc idi. Zəhmətdən qabar olan əlləri ona kobud görünüş bəxş eləsə də, əslində çox həlim və mərhəmətli insan idi. Tuncay kənddə ehtiyac sahiblərinə, qocalara, kasıblara əlindən gələni əsirgəməyən cavan kimi ad çıxarmışdı. Çünki elə bir insan yox idi ki, ona köməyi toxunmasın. Tuncayın bu əvəzolunmaz xarakteri kəndin ağsaqqalı İsgəndər babanın da diqqətindən yan keçməmişdi. 
*** 
İsgəndər baba bizim kəndin ən sayılıb-seçilən, hörmət və ehtiramla yad edilən insanı idi. O, bu kəndin dolub-daşan problemlərini az həll etməmişdi. Əbəs yerə deyil ki, o, kənd sakinlərinin maddi və mənəvi pənah yerinə çevrilmiş, bu xüsusiyyətlərinə görə, elə sağlığında müqəddəs bir insan kimi dəyər qazanmışdı. Qapısına gələni əliboş qaytarmaz, son qəpiyini ehtiyacı olanlara verər, hamının dərdini dinləyib, nəsihət edərdi. Tuncayın da digər kənd sakinləri kimi əsas məsləhət ocağı İsgəndər baba idi. Gülnaza olan mübhəm məhəbbətini də heç kimə deyə bilmədiyi üçün yalnız ona danışmışdı.
***
Yenə isti yay günlərindən bir idi. Tuncay Gülnazı görmək üçün balıq tutmaq bəhanəsi ilə Türyançaya getmişdi. Həyəcandan az qalırdı ürəyi yerindən çıxıb, qeybə çəkilsin. Gülnazı görmək və ona sevgisini etiraf etmək üçün səbri tükənir, tir-tir titrəyirdi. Əslində, Gülnazın da Tuncayın ona olan hisslərindən xəbəri vardı və heç də biganə deyildi. Onun da Tuncaydan xoşu gəlir və söhbət etmək üçün fürsət axtarırdı.  İlk görüşdə gənclərin yalnız baxışları danışsa da, Tuncay həmin günü heç vaxt unutmamışdı. Kədər və sevinc qarışıq hisslərlə günü necə başa vurduğunu bilməmiş, sərgərdan olub gecədən səhərə qədər kəndi dolaşmışdı. Lakin Gülnazın Tuncayla qovuşmamağı daha real idi. Çünki atasının onu Tuncaya ərə verəcəyindən əmin deyildi. Buna səbəb isə atası İzzətlə Tuncayın atası Adilin torpaq üstündə bərk dalaşması idi. Hətta, onlar ömür boyu bir-birinin üzünə baxmayacaqlarna dair and da içmişdilər. Haradan biləydilər ki, bu kin və nifrət övladlarının bədbəxt olması ilə nəticələnəcəkdi. 
***
Ramazan bayramı yaxınlaşırdı. Bütün kənd camaatı bayramı yüksək əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşırdı. Həm kənd əhalisi, həm də qonşu kəndlərin say-seçmə adamları bizim kəndə, daha doğrusu İsgəndər babanın ocağına yığışmışdı. Hər kəs bayram münasibəti ilə gücü çatandan sədəqə gətirib, fəqir-füqəralara paylanması üçün can atırdı. Bu ənənə hər bayram davam edirdi və kəndimizin ən gözəl adətlərindən biri idi. Tuncay da öz növbəsində həmişəki kimi canfəşanlıq edir, həm də fürsətdən istifadə edib özünü Gülnazın atasına göstərib, rəğbətini qazanmaq istəyirdi. İzzət Tuncayın atası Adillə dalaşmasına baxmayaraq, onun zəhmətkeşliyinə və paklığına hörmət edirdi. Nə etmək olardı ki, aralarından sanki qan davası olubmuş kimi, ölənə qədər küsülü qalacaqdılar. 
***
Ramazan bayramından bir neçə gün keçmişdi. Tuncayla Gülnaz gizli də olsa, tez-tez görüşməyə başlamışdılar. Amma qovuşmağın hörümçək torundan da nazik olan ümidsizliyi ikisinə də əzab verirdi. Çarə hər şeyə son qoyub, el adəti ilə Gülnaza elçi göndərməyə qalmışdı. Evə gedib valideynləri ilə danışsa da, atası buna qarşı çıxmış, yalnız anası Çimnazın israrından sonra ailə elçiliyə razı olmuşdu. Tuncayın səhərə qədər gözünə yuxu getməmiş, səhər açılan kimi, İzzətgilə yola düşmüşdülər. 
Kəndimizin ən gözəl adətlərindən biri də bu idi ki, düşmən də olsan, qapıyan gələn müsafiri Allah qonağı kimi qəbul edib qarşılamalı və bacardığın qədər razı yola salmalı idin. İzzət də belə etdi. Adillə düşmən olsa da, onu hörmətlə qarşılayıb, çay süfərsinə qonaq etdi. Adil söhbətə başladı:
-İzzət, aramızda olan olub, keçən keçib. Övladlarımızın xoşbəxtliyi üçün mən incikliyə son qoyub, sənə barışıq əlimi uzadıram. Tuncayla Gülnaz bir-birini sevirlər. Mən qızına elçi gəlmişəm. 
-Elçilik sözünü eşidən İzzəti elə bil tok vurdu:
-Necə yəni, sevirlər? Gülnaz Tuncayı nə vaxt sevdi, necə sevdi? Utanmırsan a kişi? 
-İzzət, öz kin-küdurətin üçün uşaqları bədbəxt eləmə. Mən yalan danışmıram. Nəinki bizim dava-dalaşımız, heç nə onların xoşbəxtliyindən artıq deyil.
–Son nəfəsimdə olsam da, sənə qız vermərəm. Çıxın gedin!
Xeyir xəbərlə başlayan söhbət yerini mübahisəyə, mübahisə isə az qala ailələr arasında növbəti qırğına səbəb olurdu. Lakin Tuncay tələsik tərpənib atasının qolundan tutub, çölə dartdı. Kor-peşman geri qayıtdılar. Adillə Çimnaz evə, Tuncay isə İsgəndər babanın yanına getdi. 
***
İsgəndər baba uzaqgörən adam olduğu üçün məsələnin nə yerdə olduğunu dərhal hiss etmişdi. Onu da bilirdi ki, ürəyində kin saxlayan və qəlbi nifrtədən qaralan adamları ram etmək çətindir. Ona görə də Tuncayın solğun simasını görən kimi, onu yanına çağırıb, təsəlli etməyə çalışdı: 
-Oğul, bəzi şeylər var ki, bizim iradəmizdən kənardır. Ona görə də kədərlənmək əvəzinə, həmişə dua et! Çünki hər şeyin yaxşısını Allah bilir. Qədərində nə varsa, onu da yaşaycaqsan.
Tuncaya təskinlik verən, alışıb-yanan qəlbinə su səpən də bu nəsihətlər idi. Yoxsa, ürəyinə dərmansız dərd salan bu mümkünsüz sevgi onu tamam əldən salar, ağılasığmaz işlərə vadar edərdi. Lakin qərarını vermişdi. Yeganə çıxış yolu Gülnazı qaçırmaq idi. Gülnazgillə qonşu olan əmisiqızı ilə xəbər göndərib, şər qarışanda hazırlıq görüb, çayın başına gəlməyi tapşırmışdı. 
***
Yaz fəsli öz təravəti ilə kəndimizə qədəm qoymuşdu. Yağışların ara verməməsi çayın suyunu artırmışdı. Sanki Türyançay da baş verəcək hadisəni bilir, fəryad edirdi. Çünki Tuncayla Gülnaz qaçmağa, yeni həyata başlamağa qərar vermişdilər. Təbii ki, bu vəziyyətdə Tuncaygilə getmək olmazdı. Qərara gəldilər ki, çayı keçib, qonşu kəndə, Tuncayın xalasıgilə getsinlər. Çaya güclü sel gəlsə də, geriyə yol yox idi və atılan ilk addımın davamı gəlməli idi. Qayıqla çayı keçib, onların həyatını zəhərə döndərən doğma kəndə bəlkə də ömürlük həsrət qalacaqdılar. Tuncay hər şeyi planlaşdırsa da, təbiətin lərzəyə gəlməsini hesablamamışdı. Amma iş-işdən keçmişdi. Qayıqla çayı keçməyə çalışdılar.
***
Cəsarət insanı ölümə götürmədiyi kimi, qorxaqlıq da insanı yaşatmır. Amma bu dəfə hər şeyin əksi baş verirdi. Eşqin verdiyi cəsarət durmadan fədakarlığa yaxınlaşır, Türyançay qurbangaha çevrilirdi. Selin qarşısında tap gətirə bilməyən taxta qayıq, qəfildən ikiyə bölündü və bir-birinin əlindən bərk-bərk yapışan sevgililər bir anda axına düşdülər. Türyançay sözə baxmırdı və heç belə bir fikri də yox idi. Sel gücləndikcə, əlləri bir-birindən qopur hərəsi bir istiqamətə doğru dartınrdılar. Qorxunun verdiyi güc və çevik düşünmə üstünlüyü belə, işə yaramadı və boğulmağa başladılar. Havanın küləkli, çayın isə təlatümlü olması ölümü sürətləndirirdi. Qəfildən sel hərəsini bir istiqamətə apardı. Küləyin və fırtınanın qorxunc səsindən başqa heç nə eşidilmədi.
***
Səhər kəndə səs yayılmışdı. Gülnazı tapa bilməyən İzzət birbaşa Adilgilə gəlmiş, Adilin də Tuncayı axtardığını eşidib çaş-baş qalmışdı. Çünki nə Tuncaydan xəbər var idi, nə də Gülnazdan. Az qala bütün kənd onları axtarır və əsəblər tarıma çəkilirdi. Qəfildən acı xəbər gəldi. Gülnazı xilas etmək mümkün olsa da, çaydan Tuncayın cansız bədənini tapmışdılar. Kəndə vəlvələ düşmüş, hamı ağlayırdı. İki nəfərdən başqa: Donmuş buz parçası kimi sadəcə bir-birinin üzünə baxan Adil və İzzət. Amma sonrakı peşmançlıq fayda verməz. Hər şey sona çatmışdı, iki nəfərin mübahisəsi iki gəncin faciəsi ilə bitmişdi. Biri cismən, digəri isə mənən ölmüşdü.
***
Bədbəxt hadisənin üzərindən illər keçsə də, Tuncayı yalnız bir nəfər bir dəqiqə belə yaddan çıxarmamışdı. Gülnaz əhdinə sadiq qalaraq ailə qurmağı özünə yaraşdırmadığı üçün qardaşının kiçik oğluna analıq etmiş, onu böyüdüb, boya-başa çatdırmışdı. Kənddə yaşamaq ona çətin olduğu üçün şəhərə köçmüşdü və geri qayıtmamışdı. Bu hadisədən sonra ilk dəfə idi ki, kəndə ayaq basırdı. Oğlunda xahiş edib, avtomobili Türyançaydan biraz irəliyə, artıq ziyarətgaha çevrilən İsgəndərbaba ocağına sürdürdü. Tuncayın qəbri də həmin ziyarətgahın qəbristanlığında idi. Maşından enib gənclik xatirələrinin və dərdinin ən ülvi şahidi və pənah yeri olan İsgəndər babanın qəbrinə yaxınlaşdı. Başdaşını qucaqlayıb, ağlamağa başladı. Göz yaşları qəbirin üzərinə süzüldü. Bir neçə dəqiqə sonra türbədən ayrılıb Tuncayın qəbrinə tərəf addımladı. 25 ildən sonra ilk dəfə idi ki, ölümü belə gözə aldığı adamın ən dolğun nişanəsinə yaxınlaşırdı. Qəbiri qucaqlayıb, hönkürdü. İnsan məzarlığı yerini xatirə məzarlığına vermişdi. Hər şey ilk günki kimi gözünün qabağından canlanır və köksünə dağ basırdı. Qəfil gələn səs onu bir anlıq xatirələrdən uzaqlaşdırdı:
-Ana, gedək?
-Gedək, Tuncay! Amma Türyançaya qədər piyada getmək istəyirəm. Təmiz havaya ehtiyacım var. Sən maşınla get, məni orada gözlə. 
Gülnaz asta və hüznlü addımlarla çaya doğru irəlilədi. Az qalırdı ürəyi yerindən çıxsın. 25 ildən sonra həyatının başladığı və bitdiyi yerə yenidən ayaq basacaqdı. Çaya yaxınlaşdıqca hərarəti artır, ürək döyüntləri sürətlənirdi. Çox şey dəyişmişdi, bircə həyatını xilas edən çaya bitişik ağac və həyatını əlindən alan çay dəyişməmişdi. Taqətdən düşürdü, gücsüzləşdiyini hiss edirdi. Tuncay yanında olsa da, sanki bütün bəşəriyyət məhv olmuş və dünyada kimsəsiz qalmışdı. Çaya yaxınlaşdı. Əllərini suya vuran kimi gözündən bir damcı yaş düşdü. Sonra daha bir neçə damcı. Gülnaz ağlayırdı. Göz yaşı uzun illərdir ki, sükuta qərq olan çaya qarışdı. Qəfildən çay daşmağa başladı. Deyəsən, Türyançaya 25 idən sonra yenidən sel gəlirdi.
Mərahim Nəsib