
Jalə İSMAYIL
Demək, bu mahnını bağçada öyrətmişdilər bizə. Amma əvvəlcədən "peyk" sözünü öyrədən olmamışdı. Mən nə bilim peyk nədi. 5 yaşlı qulağıma bu söz "peç" kimi gəlirdi. Evdə də köhnə, böyük bir elektrik peçi var. Qaz-filan qaydasında olduğuna görə nadir hallarda istifadə olunurdu. Heç sevmirdim o peçi. Əl-ayağa dolaşırdı daxalda.
Amma bu mahnı peçimiz haqqında bütün mənfi düşüncələrimi yox etmişdi. Ona hörmətim artmışdı. Hər dəfə uşaqlarla ağız-ağıza verib cır səslə oxuyanda, gözümün qabağına gəlirdi ki, bizim bu nataraz peç göydə necə pərvaz edir. Lap sehirli xalça kimi. Amma həm də fikirləşirdim ki, o axı niyə uçur? Niyə “bip-bip” eləyir?
O vaxtlar da hədsiz fağırdım (indi heç kimi buna inandıra bilmirəm), qorxumdan tərbiyəçidən öz şübhələrimə dair bir söz soruşa bilmirdim. Qorxaqlığım bir yana, həm də ona görə soruşmurdum ki, tərbiyəçiyə öz şübhələrimdən daha çox inanırdım. Çünki o böyük idi və bizə öyrətmişdilər ki, böyüklər həmişə düz danışır, həmişə haqlıdırlar. İllər keçdi. Böyüklərimizin çoxu sübut etdi ki:
Böyüklər həmişə haqlı deyillər.
Böyüklərin həmişə haqlı ola bilməsi mümkün deyil.
Böyüklərə hərdənbir haqlı olmadıqlarını mütləq söyləmək lazımdır.
Böyükləri haqsız çıxarmaq heç də zövqverici deyil, göz qabağında dəyərlər məhv olur.
Böyüklərdə həmişə haqlı olmaq maniyası yaş-başla əlaqədardı, çox yaşayan çox bilirmiş sanki.
Böyüklərdən həmişə öyrənmək lazımdı: nəyisə etməyi və nəyisə etməməyi. Məsələn, haqsız olarkən susmağı...
Belə.
Atalarımız da oturub-durub söz fikirləşiblər: Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Yəni bu qədər böyük tutmaq vardı böyüyü. Bu dərəcədə böyütmək vardı böyüyü. Amma böyük ala-yarımçıq 86,6 min kv.km-ə sığmırsa, heç nə eləmək olmur. Allah hamını xoş niyyətlərinə çatdırsın.
Göylərə uçaq peçimizin söhbəti isə çoxdan gedirdi. Çox sevinirəm ki, böyüklərimiz özlərindən artırıb üç-beş manat toplaya bildilər, göndərdilər onu gedər-gəlməzə. Göyə ulduz dalınca, necə deyərlər. Mənsə o böyük, köhnə, nataraz peçimizi hələ də xatırlayıram. Təbəssümlə. Çünki, o, göyə uçmuş ilk və son peç kimi tarixə düşüb.