Ekonomiks 14:22 03.05.2023

Uçot dərəcəsinin artırılması əhaliyə nə vəd edir?

"Mərkəzi Bankın uçot dərəcəsi makro iqtisadi dəyişikliklərə uyğun olaraq müəyyən edilir. Burada digər ölkərdə uçot dərəcəsinin və xüsusən də bizim tərəfdaş  dövlətlərin uçot dərəcəsinin vəziyyəti, o cümlədən infilyasiya səviyyəsinə kimi meyarlar nəzərə alınır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasından danışarkən deyib. O bildirib ki, bəzi ölkələrdə Mərkəzi Bankın uçot dərəcəsi həm kredit faizlərinə, həm də yığmlara təsir göstərir:
 
"Uçot dərəcəsi artırılan zaman milli valyutada yığımlara marağı artırır. Etiraf etmək lazımdır ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi hələlik kredit faizlərinin təsirləri yüksək deyil. Bu da onunla bağlıdr ki, sistem əhəmiyyətli banklar daha ucuz mənbələrdən vəsait cəlb edə bilirlər. Məsələn, Mərkəzi Bankın hazırda nəzərə alsaq ki, uçot dərəcəsi 9%-dir, amma sistem əhəmiyyətli banklar manatla depoziti orta hesabla 6%-lə cəlb edirlər. Bu ondan xəbər verir ki, əslində həmin banklar üçün daha ucuz mənbələr var. Bu konteksdən də Mərkəzi Bankın uçot dərəçəsi bankların cəlb etdiyi vəsaitlərin xərcini, xüsusən sistem əhəmiyyətli bankların cəlb etdiyi vəsaitlərin xərcinə bir başa təsir göstərmədiyi üçün kredit faizlərinə də təsirləri yüksək deyil”. 

Vüqar Bayramov hesab edir ki, bu səbəbdən Mərkəzi Bank praktik olaraq çalışmalıdır:"Həm mövcud alətlər, o cümlədən uçot dərəcəsi ilə növbəti mərhələdə daha çox kredit faizlərinin optimallaşdırılması, yəni aşağı salınması və eyni zamanda manatla depozitlərdə yığımların artımını təşviq edə bilsin”. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Belə ki,  faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb. 

Bahar Rüstəmli