Xəbər lenti

Ümid edirəm, buna görə məni “razborkaya” çağıran olmayacaq...
Sənət08:07 11.07.2022

Ümid edirəm, buna görə məni “razborkaya” çağıran olmayacaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şairə Fəridənin bir yazısını oxudum, müəllif əsəbi görünsə də, yanaşma maraqlıdır, müasir Azərbaycan ədəbiyyatında baş verənləri subyektiv şəkildə dəyərləndirməyə cəhd göstərib, hibrid-canlıları - Freydi tərs üzündən oxuyub Bekketi düz üzünə analiz edənləri, oxucuları yeri gəldi-gəlmədi danlayanları babat tənqid atəşinə tutub. 
Ümumiyyətlə, Azərbaycan oxucularının qəribə taleyi var, işdə münasib yerə girməklə böyük zirvələr fəth etmiş müdir yeri gəldi-gəlmədi danlayır, o da bir tikə çörək puluna görə dözür, bir şey demir. Əslində səkkiz saat işləməlidir, on saat işlədirlər. Birtəhər işdən canını qurtarıb evə gəlir. Oxucu kişidirsə, evdə arvad danlayır ki, uşaqların geyməyə paltarı yoxdur e, sən nə vaxt düz əməlli iş tapacaqsan. Xanımlar adətən on saat işləməsə də, mahiyyət dəyişmir, onlar da bütün günü danlanır, müdir heç, xanımları da adi məişət söhbətlərinə görə əri, yaxud qayınanası danlayır. Bir sözlə, belə gərgin, qəribə bir ortam... Yazıq oxucu girir sosial şəbəkələrə ki, bir az kefi açılsın, baxır ki, ay da, burda da onu danlayırlar: bəs, niyə kitab təqdimatına gəlmir, niyə kitab oxumur. Oxucu da əsəbiləşir, hirsini orfoqrafik səhvlər dolu şərhlər yazmaqla yazıçıdan çıxmaq istəyir. Bu dəfə yazıçı əsəbiləşir, status paylaşır ki, bəs məni təhdid edirlər, yenə orfoqrafik səhvlər olmasaydı, birtəhər dözərdim, amma daha dözə bilmirəm, gedib damarlarımı doğrayacam. Bax, belənçinə. 
Onu da düz deyirsiniz ki, oxucunuz ən azı müdirin danlaqlarına dözməməlidir ki, bizim danlaqlara dözsün. Haqlısınız, amma ta neynək, qismət belə gətirib, üzrlü sayın. Bir də bəlkə deyəcəksiniz, vətəndaş elə oxumadığına görə, bu qədər danlaqlara məruz qalır, işdə, evdə. Ola bilər, bu, ağlabatan variantdır. Amma sözün düzü, bu versiya da tam ağlıma batmadı. Çox oxumuş və hər gün danlanan adamların da sayı az deyil. Bəlkə də elə ən çox onlar danlanır. Deyirəm, bəlkə fürsət düşmüşkən, mən də bir oxucu kimi yazıçılarımızı danlayım? 
Fransız filosofu, yazıçı və dramaturq Jan Pol Satr əsərlərinin birində görün atası haqda nələr yazır: 
"Yaxşı atalar olmur - qanun belədi: burda kişilərin günahı yoxdu - atalıq bağları çürüyüb. Uşaq yaratmaq - buyurun: uşaq sahibi olmaq - hansı günaha görə? Atam sağ olsaydı, öz ağırlığı ilə məni əzərdi. Xoşbəxtlikdən onu körpəlikdə itirdim”. 
Xoşbəxtlikdən ha. Sonra da əlavə edir ki, ölmək-heç də hər şey deyil, vaxtında ölmək lazımdır, atam gec ölsəydi, məndə günah hissi yaranardı. Hələ görün anası haqda nə deyir? 
"Mənə gənc heyvərəni göstərib deyirlər: bu anandı”. Özü haqqında isə belə deyir, beləliklə, mən çox şey vəd eləyən itəm. 
Anadan söz düşmüşkən. Fransız filosof və yazıçı Alber Kamünün "Yad” əsərinin qəhrəmanı anasının ölüm gününü xatırlamır, baxmayaraq ki, hadisənin üstündən çox vaxt keçməyib. Yasda ağlamır, ürəyində təxminən belə fikirləşir: bunu da basdırsaq, yola salsaq, canım dincələrdi. 
Bizdə ata - Rza İsa Məsih, ana - Nigar isə (adlar şərtidir. - red.) Müqəddəs Məryəmdir. Halbuki elə İsa Məsihin özünə, Məryəmə də tənqidi, ironik yanaşmalar var və biz bunu Saramaqonun "İsanın İncili” romanında açıq-aydın görürük. Bütün bunları deməkdə məqsədim odur ki, sizdən "adam” olmayıb, olmayacaq da (əslində ümid edirəm, gələcəkdə nəsə oldu). Əslində onu demək istəmirəm ki, yeri gəldi-gəlmədi ata-ananya, peyğəmbərə ilişək, ironiya hədəfinə çevirək. Sadəcə deməyim odur ki, bizdə fərqli baxış, alternativ yanaşma ən əsas və ciddi problemdir. Kameranı eyni yerə qoyub, eyni şeyləri çəkirik. Kənarda gözəl yerlər də var, oranı da çəkmək olar, sadəcə o yerlər tikanlı məftillərlə sarınıb deyə girə bilmirik. Girə bilmədiyimizə görə bəlkə kimisə qınamaq da düzgün deyil. Amma hər halda qıraqdan nəsə də çəkmək olar axı. "Kişi məleykəni fahişəyə çevirən yox, fahişəni məleykəyə çevirəndir” yanaşması da fərqli deyil, İsanın Maqdalenaya münasibətinin çox da uğurlu olmayan təkrarıdır. 
Rafiq Tağı mənə ona görə doğmadır ki, yanaşması, baxışı, üslubu fərqlidi. Və birdən-birə Əkrəm Əylislinin "Adamlar və ağaclar” trilogiyasını xatırladım. Trilogiyanın son povestində ər müharibədən sağ-salamat gəlir: həyatı yoldaşı isə buna çox üzülür, çünki o, ərinin müharibədə öləcəyinə və canının qurtaracağına ümid edirdi. 
Fəridə öz yazısında Kamal Abdullanın da adını çəkib. Kamal Abdullanın "Yarımçıq əlyazma”sı, "Gizli Dədə Qorqud” əsəri məhz yuxarıda vurğuladığım kontekstdə maraqlı və doğmadır mənim üçün. "Dədə Qorqud” dastanına fərqli yanaşma, ordakı insanların yeni libasda təqdimatı, bir növ alternativ tarix yaratma cəhdi elə bilirəm ki, uğurlu alınıb. Deməyim odur ki, nə qədər qəribə olsa da, həm Əkrəm, həm də Kamal yaradıcılığını sevmək, bəyənmək mümkündür. Kamal Abdullanın həmişə vəzifədə olması, kimlər haqqındasa təriflər deməsi, özü haqqında silsilə təriflər yazılması qıcıq yaradır, bu da təbiidir, amma bütün bunlara görə onun yaradıcılığının üstündən birdəfəlik xətt çəkmək, məncə, böyük yanlışdır.   
Məsələlərə fərqli yanaşmasına görə, Şərif Ağayarın, Aqşin Yeniseyin, Seymur Baycanın yazdıqları da hörmətə, diqqətə layiqdir. Amma Şərifin özündə də büt yaratmağa, kimisə ilahiləşdirməyə meyl var, amma mən bir oxucu kimi ondan da, başqalarından büt yaratmağı yox, bütləri sındırmağı gözləyirəm. Bu baxımdan Şərifin babasının gözünü çıxarması uğurlu gediş idi və ona böyük şöhrət qazandırdı. 
Pərviz Cəbrayılın "Məryəm surəsi” romanı da alternativ yanaşma, fərqli yanaşma baxımından əhəmiyyətlidir, amma elə bilirəm, içi özüm qarışıq oxucuların bir çoxu əsəri tam başa düşmədi. 
Göründüyü kimi, fərqli baxışlar, yazılar var, amma məftilli zonalara girmək işi məncə, tam yerinə yetirilməyib, bu, mənim oxucu baxışımdır, yanlış da ola bilər, doğru da. Ümid edirəm ki, yazdıqlarıma görə, məni "razborkaya” çağıran olmayacaq. Əvvəllər belə hallar olub, inboxda kimisə tənqid etdiyimə görə, tinə, söhbətə çağırılmışam. Amma doğrusunu deyim, iş çıxıb deyə davaya gedə bilməmişəm. 
Dostların yalançısıyam, deyir, bədii ədəbiyyat İngiltərədə demək olar ki, Yaponiyada isə ümumiyyətlə, tədris olunmur. Onların istiqaməti elm tərəfədir. Bu, məndə qəribə suallar yaratdı. Bizimkilər deyir ki, misalçün bizi İngiltərədə, Yaponiyada da tanısınlar, amma adamlar öz ədəbiyyatlarını oxumurlarsa, bizim ədəbiyyat nələrinə gərək? Bəlkə biz də ədəbiyyatın başını buraxıb ümumilikdə daha dəqiq sahələrə, elmə yönələk? 
Amma məsələn, Niderlandda orta məktəblərdə uşaqlara bədii ədəbiyyat siyahısı verilirmiş, yaxud da uşaqlar özləri belə siyahı tərtib edə bilərlər. Onlar bu siyahı üzrə kitabları oxuyub, bəzilərinin qısa xülasəsini yazmalıdırlar. İngiltərədə isə başqa bir vacib məsələyə xüsusi diqqət yetirilir: bədii ədəbiyyat çox tədris olunmasa, rəsmi şəxslər bütün məktəbləri gəzirlər, istedadlı uşaqları üzə çıxarmaq üçün əllərindən gələni edirlər, hansı uşağın misalçün hekayə yazmaq qabiliyyəti varsa, onun kitabını nəşr etdirirlər. Bu, uşağa çox böyük motivasiya verir. 
Hər halda, bədii ədəbiyyatın gələcək taleyi ilə bağlı çox da ümidli deyiləm, ədəbiyyatın gücünü, dəyərini bilirəm, sadəcə, zəmanə pis gəlib. Ürəkdən istəyər və arzulayardım ki, bu proqnozum səhv çıxsın. Bəlkə də bədii mətn yazmaq, oxumaq doğurdan da xüsusi istedad, zövq tələb edir və bu işlərlə hər kəsin uğraşmasına ehtiyac yoxdur. 
Belə, bir-birimiz danlamaqla ömrü-günü yola veririk də. Di salamat qalın, gedim yatım.
Ağa Cəfərli