Xəbər lenti

Ukrayna böhranı: Putin geri çəkilir, yoxsa yeni oyunlar gəlir? (ŞƏRH)
Siyasət11:30 17.02.2022

Ukrayna böhranı: Putin geri çəkilir, yoxsa yeni oyunlar gəlir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fevralın 16-da iddia edildiyi kimi, Rusiyanın Ukraynaya hücumu ona görə baş vermədi ki, Putin bu təcavüzün ölkəsinə ağır nəticələr gətirəcəyini anladı. Yaxud da o anlayırdı və buna getməyəcəyini də bilirdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Co Baydenin iddiasının əksinə olaraq, fevralın 16-da Moskvanın Ukraynaya hücumunun baş verməməsinə münasibət bildirərkən deyib:
"Putin başa düşdü ki, Ukraynaya daxil olmaq onun hakimiyyəti və Rusiya dövlətinin özü üçün ciddi təlatümlər gətirəcək. Rusiyanı daha ciddi sanksiyalar, daxildə milli oyanış təqib edəcək”. 
Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyətdə Kreml kiçik də olsa bəzi güzəştlərə nail olub:
"Sadəcə olaraq müəyyən güzəştlər qoparmaq üçün güc yolu ilə Qərbi küncə sıxmaq istədi. Ciddi güzəştlər olmasa da, Kiyevin NATO-ya üzvlüyü məsələsini müəyyən dərəcədə tormozlaya bildi. Eyni zamanda, Qərb dövlətlərinin prinsipial məqamlarda birləşə bilmədiyini də öyrəndi. Amma bununla belə, Putinin qələbə çaldığını düşünmürəm. 
Dünya nəfəsini içinə çəkib Dünya müharibəsinə səbəb olacaq hadisəni gözləməklə səhvə yol verib. Dünya müharibənin olacağını gözləməməli, onu törətmək istəyənlərə qarşı güc və qüvvəsini birləşdirməli idi. BMT məsələni gündəmə gətirməliydi”.
Amma bununla belə, politoloq proses ətrafında oyunların hələ ki, bitmədiyi qənaətindədir:
"Proses davam edir. Sadəcə, formasını dəyişib. Putinin növbəti oyunları davam edəcək. Bu xəmir hələ çox su aparacaq. Dövlət Duması qondarma DXR və LXR-i tanımaqla Ukraynanı təqib etməkdə davam edəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bir müddət əvvəl bildirmişdi ki, Rusiya fevralın 16-da Ukraynaya hərbi müdaxilə edəcək. Hansı ki, bu açıqlama dünyada geniş təşvişə səbəb oldu. Hətta bu fonda Ukraynadakı bir çox Qərb diplomatları və onların ailə üzvləri Kiyevi də tərk ediblər.
Rüfət Sultan