Xəbər lenti

Ukrayna ətrafında qəribə oyunlar: Qərb və Rusiya Zelenskini süni şəkildə sıxır?
Siyasət10:35 15.02.2022

Ukrayna ətrafında qəribə oyunlar: Qərb və Rusiya Zelenskini süni şəkildə sıxır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məlumatlar gəlir ki, Ukrayna ətrafında fevralın 16-da başlanması gözlənilən müharibə ertələnir. Yəni onun başlanma müddəti uzadılır. Kəşfiyyat mənbələri iddia edir ki, torpaqlar donmayıb, ona görə də müharibə olmayacaq. Bu əsasda düşünürəm ki, hərbi toqquşma ehtimalı elə də yüksək deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Prezidenti Co Baydenin Rusiyanın fevralın 16-da Ukraynada müharibəyə başlayacağı barədə səsləndirdiyi fikirlər fonunda, artıq 12 saata yaxın vaxt qalan həmin gün hadisələrin necə cərəyan edə biləcəyinə dair proqnozunu bölüşərkən deyib:
"Ukrayna məsələsi Qərblə Rusiya arasında yaşanan böhranın əslində bir hissəsidir. Bu ölkədən səbəb kimi istifadə olunur. Rusiya iddia edir ki, guya vaxtilə Qərb ona NATO-nun yalnız hansısa şərtlər əsasında genişlənə biləcəyini şifahi formada vəd edib. Bu iddia əsasında da Moskva bildirir ki, Qərb guya bu vədləri pozur. Ona görə də Qərbdən tələb edir ki, Rusiyanın öz təhlükəsizliyini təmin etməsi üçün həmin şərtlər əsasında saziş bağlansın. Bu mövzuya rəvac verən əsas səbəb isə Ukraynada gedən proseslərdir. Kiyev NATO-ya üzv olmaq istəyir. Moskva isə Ukraynada hansısa nüvə daşıyıcılarının yerləşdirilə biləcəyindən narahatdır. Ukraynanın NATO-ya üzvlüyünə gəldikdə, əvvəlki ehtimala görə onun buradakı üzvlüyü nisbi olacaq. İndi isə bununla bağlı daha bir fərqli ehtimal ortaya atılıb. Bu da Ukraynanın bloklardan azad statusda, yəni neytral olması ilə bağlıdır”. 
T. Zülfüqarovun fikrincə, Baydenin müharibə açıqlaması əslində Kiyevin özünə yönəlik təzyiq vasitəsidir:
"Bu mənada hiss olunur ki, Ukraynaya həm də Qərbdən təzyirlər var. Çünki NATO ölkələri səfirliklərinin Kiyevi tərk etməsi, oradakı hərbi mütəxəssislərin evakuasiyası və s. hadisələr Qərbin Ukraynaya dəstəyinin ancaq bura qədər olduğunun göstəricisidir. Belədə müharibə təhlükəsi yaratmaqla Kiyevə bunu qəbul etdirmək istəyirlər. Ukraynaya uçan təyyarələrin sığortası guya birdən-birə götürülür və onlar ora uçmaq imkanından məhrum olurlar. Hiss olunur ki, bu, əslində, hansısa siyasi oyundur. Yəni hiss olunur ki, Qərb və Rusiya süni şəkildə Zelenskiyə qarşı gərginliyi artırırlar”. 
Eks-nazir qeyd edir ki, bu müstəvidə Kiyevin başqa şansı yoxdur: 
"Belədə ya Ukrayna nüvə başlıqları yerləşdirilməmək şərtilə NATO-ya nisbi üzv olacaq. Ya da bu ölkə bloklara qoşulmayan, neytral ölkə statusu alacaq”. 
Rüfət Sultan