"Bu görüşdən nəsə gözləməyinə dəyməz. Müsbət nəticə verməyəcək və sadəcə, vaxt ötürməyə hesablanıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Kiyevlə Moskva arasında Ukrayna Belarus sərhədində olacaq bu günki görüşü şərh edərkən deyib:
"Ukraynanın işğal edilmiş ərazilərindən rus ordusunun çıxarılması şərtlərini Rusiya qəbul etməyəcək. Bu şərtlərin qəbulu Rusiyanın qarşıya qoyduğu planın pozulması demək olardı. Analoji olaraq Moskvanın şərtlərini də Kiyev qəbul etməyəcək. Atəşkəs elan edə bilərlər. Amma danışıqlar və atəşkəsin elan edilməsinin özü sadəcə vaxt almağa hesablanıb. Rusiya bu müddət ərzində daha çox hərbi kəşfiyyatla məşğul olacaq ki, hansı sahələrdə geriləmələr varsa, aradan qaldırılsın”.
Politoloqun fikrincə, Rusiya sadəcə özünü sülhpərvər göstərmək üçün bu danışıqlara gedib:
"Lakin Rusiya informasiya agentliklərinin çıxışı birmənalı şəkildə göstərir ki, ötən əsrin əvvəllərində baş qaldıran velikorus şovinizmi yeni formada baş qaldırıb. Rus teleaparıcıları dövlətin adından çıxış edərək bəyan edirlər ki, rus olmayan dünya onlara lazım deyil. Bu əsasda da həmin şovinist teleaparıcılar nüvə başlıqlarını Avropa və Amerikaya atmağın vacibliyindən dəm vururlar. Yəni cəhənnəmə gedən digərlərini də özü arxasınca sürükləyir. Belə bir bəyanatdan sonra Rusiyanın danışıqlarda geriyə çəkiləcəyinə inanmıram. Buna onun şansı da yoxdur. Çünki Rusiyaya yönəlik sanksiyalar bu ölkəni, iqtisadi, siyasi, ideoloji baxımdan çökdürür, hərbi cəhətdən də çökdürəcək. Bir həftəyə Rusiya istədiyini əldə edərək Dneprin sol sahilinə çıxmasa, dayanmayacaq. Amma müddətin uzanması Moskvanın ziyanınadır”.
Rüfət Sultan