Qisas mövqeyində dayanan Rusiya Krım körpüsünün partladılmasına cavab olaraq Ukrayna şəhərlərini raket atəşinə tutmaq yolunu tutub. Paytaxt Kiyev başda olmaqla ölkənin bir sıra iri şəhərləri son bir sutka ərzində dəfələrlə raket atəşinə məruz qalıb. Nəticədə əksəriyyəti mülki şəxslər olmaqla xeyli sayda insan həyatını itirib, infrastruktura ciddi ziyan dəyib. Məlumatlara görə, Moskva bu raketləri Rusiyanın Xəzər dənizindəki əsas liman şəhəri olan Həştərxandan atıb.
Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Rusiyanın Ukrayna şəhərlərini Həştərxan limanından atəşə tutduğu raketlər sovet dönəmində Xəzər donanması və Zaqafqaziya Hərbi Dairəsindən dövriyyədən çıxarılan silahlardır:
"Yəni müasir raketlər deyil. Onlar utilizasiya olunmalıdır. Amma görünən odur ki, Moskva onları saxlayıb. Bu raketləri təyyarə və gəmilərdən atıblar”.
Ekspert qeyd edir ki, Həştərxandan atılan raketlər şəhər və rayonlar üçün mühüm olan infrastrukturu sıradan çıxarmaq üçündür. Sözsüz ki, onun atılması ilə şəxsi heyət də ziyan görür. Bu raketlər 500 m.-1 km civarındakı ərazidə dağıntılara gətirib çıxarır.
Həmin raketlərin adlarına gəlincə, həmsöhbətimiz bunların "Hava-yer”, "Hava-hava”, "Yer-yer”, "S-300”, "Triumf”, "Favorit” raketləri olduğunu dedi:
"Bu raketlərin qiyməti 4-6 milyon dollar arasındadır. Rusiyanın atdığı bu raketlərin heç də hamısı hədəfə dəyməyib. Bir çoxu zərərsizləşdirilib. Amma Rusiya eyni anda bir neçə raket atdığından hamısını zərərsizləşdirmək mümkün olmayıb”.
Üzeyir Cəfərov deyir ki, Kiyev hava hücumundan müdafiəni gücləndirmək üçün iki yerdə qurğular quraşdırır:
"Bu gümbəzlər dron və raketlərin atılması gözlənilən nöqtlərə qarşı əvvəlcədən hazırlıq vəziyyətinə gətirilir. Rusiyanın bu hərəkətinin heç bir effekti olmayacaq. Böyük ehtimalla Ukrayna da cavab zərbəsi olaraq Rusiya şəhərlərini zərbələrə məruz qoyacaq. Ukraynaya Qərb raket verərkən şərt qoymuşdu ki, onlardan Rusiya ərazisini vurmasın. Amma indiki situasiyada düşünürəm ki, Kiyev vurulduğundan Ukrayna da Rusiyanın bəzi ərazilərini raket atəşinə tutacaq. Ukrayna artıq 300 km. məsafəni vurmağa qadir raketlərə malikdir. Bunlar HİMARS-lardır”.
Rüfət Sultan