Xəbər lenti

Ukrayna savaşı – Kiyevin gücü nə zaman tükənəcək?
Siyasət12:54 01.06.2022

Ukrayna savaşı – Kiyevin gücü nə zaman tükənəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kremlin "ildırımsürətli müharibə” planı iflasa uğradı. Rusiya hələ də Ukraynanı işğal edə bilmir. Prezident Zelenskinin və ukrayna xalqının birliyi Moskvanın planlarını alt-üst etdi. Lakin savaş başlayandan Ukrayna xeyli itki verib, şəhərlər dağıdılıb, minlərlə insan qətlə yetirilib. Ukrayna xalqının mübarizliyinə baxmayaraq, belə vəziyyət sonsuza qədər davam edə bilməz. Bütün fədakarlıqlarına rəğmən, ukraynalıların da mübarizə limitinin bir həddi mövcuddur. Sadə insanlar müharibənin dəhşətlərinə daha nə qədər dözə biləcəklər?
"Aktiv döyüşlər qarşıdadır”
Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hərbi müstəvidə Ukrayna ilin sonuna qədər müqavimət göstərə bilər:”Hələlik Ukraynanın əsas hərbi qüvvələri aktiv döyüş əməliyyatına cəlb olunmayıb. Digər tərəfdən,  "lind-liz” qanunu ilə gələcək silahların ünvana çatması ilə Kiyevin müqavimət gücü daha da artacaq. Bu mənada düşünürəm ki, Ukraynanın resursları hələ tükənməyib, Kiyev yeni silahlarla yeni hərbi əməliyyatlara başlaya bilər”.
"Ukrayna iqtisadiyyatının bir neçə aylıq limiti qalıb”
"Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli də hesab edir ki, Ukrayna bu ilin sonuna qədər müqavimət göstərə bilər:” Ukrayna iqtisadiyyatı buna imkan verir. Digər tərəfdən, Qərbin dəstəyi Ukraynaya müqavimət gücü verir. Ehtimal edirəm ki, Kiyev ilin sonuna qədər tab gətirə biləcək”.
Ekspert bu məsələdə Qərbin dəstəyinin həlledici olduğunu düşünür: ”Ukraynanın öz hesabına qalsa idi, iqtisadi müstəvidə belə ağır müharibəyə bir ay belə dözə bilməzdi. Kreml də məhz bunu hesablamışdı. Lakin Qərbin iqtisadi yardımı vəziyyəti dəyişdi. Rusiya ilə Ukraynanın iqtisadi  potensialı müqayisə olunmaz dərəcədədir. Amma ABŞ  və Avropanın dəstəyilə Ukrayna cari ilin sonuna qədər tab gətirmək gücündədir. Lakin məsələ ondadır ki, Ukrayna iqtisadiyyatı ciddi zədələr alacaq. Artıq bu ölkənin ümumdaxili məhsulunun 30 faizə qədər itkisi var. 600 milyard dollar civarında əmlaka zərər dəyib”. 
"Ukrayna Rusiya ilə savaşda təkbaşına duruş gətirə bilməzdi”
Politoloq Zərdüşt Əlizadə isə Kiyevin 2-3 il ərzində müqavimət göstərə biləcəyini düşünür: "Ukrayna Rusiya ilə savaşda təkbaşına duruş gətirə bilməzdi. Amma Qərbin hərtərəfli dəstəyi fonunda Ukrayna 2-3 il ərzində müharibə aparmaq gücündədir. Çünki Ukrayna xalqında özünəinam və qətiyyət böyükdür”.
Rüfət Sultan