Ekonomiks 13:45 06.06.2022

Ukrayna taxılının bloklanması: ABŞ Rusiya ilə ortaq mövqedən çıxış edir? (ŞƏRH)

Hazırda Ukrayna müharibəsi ilə yanaşı, dünyada taxıl müharibəsi də gedir. Belə ki, dünyanın aparıcı taxıl istehsalçısı və ixracatçılarından olan Ukrayna müharibə və Qara dənizin Rusiya tərəfindən blokadası səbəbindən öz taxılını alıcılara çatdıra bilmir. Bu isə dünyada taxıl böhranı yaradıb. 

Hazırda bu böhranın aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürülür. Məsələn, bu yaxınlarda Belarus bəyan etdi ki, Ukrayna taxılının Belarusdan keçməklə Baltik limanlarına çatdırılmasına imkan verə bilər. Amma əvəzində, təklif edir ki Belarus malları da həmin limanlardan sərbəst hərəkət edə bilsin. Rusiya da öz növbəsində taxıl blokadasını götürməyə hazır olduğunu bildirir. Amma əvəzində Qərbin sanksiyalarının yumşaldılmasını istəyir. 
Lakin belə görünür ki, Vaşinqton sövdələşməyə getmək niyyətində deyil. "Politiko” nəşri yazır ki, ABŞ Prezident Adminstrasiyası rəsmiləri və konqresmenlər Moskvanın ərzaq böhranının aradan qaldırılması ilə bağlı bəyanatlarına həvəssiz yanaşırlar. ABŞ rəsmiləri Rusiyanın açıqlamalarını sadəcə "mənimsəmə diplomatiyası” adlandırıb. 

Görünən odur ki, hər iki tərəf bu məsələdə geri çəkilmək istəmir. Bu isə onu göstərir ki, həm ABŞ, həm də Rusiya yaranmış vəziyyətdə yalnız öz mənafelərindən çıxış edərək şəxsi maraqlarının təmin olunmasına çalışırlar. Dünya isə getdikcə daha ciddi şəkildə ərzaq böhranı təhlükəsilə üzləşmək ərəfəsindədir. 

Belə olan halda problem necə həll ediləcək? 

Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev düşünür ki, yaranmış vəziyyətdə taxıl böhranının həllini ABŞ, Kanada və Avstraliya üçlüyü öz üzərlərinə götürərək həll edəcəklər:

"Bu gedişlə taxıl problemi həll olunmayacaq. Prosesdə Rusiyanın öz, ABŞ-ın da öz marağı var. Düşünürəm ki, ABŞ-ın özü də Ukrayna taxılının blokadadan çıxmasını istəmir. ABŞ bildirir ki, Ukrayna taxılı olmasa da, özləri - Kanada və Avstraliya taxıl qıtlığını qapatmaq gücündədir. Amma onu hansı qiymətə verəcəklərini hələ demirlər. Yəni bir növ sözügedən üçlük Rusiyanı taxıl bazarından vurub çıxarır, onun əli ilə isə Ukraynanı zərərsizləşdirir. Rusiya isə MDB-ni, Cənub-Şərqi Asiyanı tam öz nəzarətinə salmaq üçün Ukraynanın 35 milyon tonluq taxılını ələ keçirməyə çalışır. Bu mənada həmin oyunun davam etməsində qapalı razılaşmanın olduğunu düşünürəm. ABŞ və Rusiya öz oyununu oynasa da, bəzi məsələlərdə ortaq mövqedən çıxış edirlər”. 

Rüfət Sultan