"Düşünürəm ki, Rusiya ilə Ukrayna arasında başlanan müharibənin dayandırılması üçün iki görüş kifayət deyil. Danışıqlar mərhələsi davam edəcək. İkinci görüşü də bu mənada optimist adlandırmaq olmaz”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Kiyevlə Moskva arasında dünən keçirilən ikinci görüşün nəticələrini şərh edərkən deyib:
"Həm Ukrayna, həm də Rusiya tərəfinin verdiyi açıqlamalar göstərir ki, danışıqlarda bir addım da olsa irəliləyiş olmayıb. Görüş sadəcə olaraq humanitar məqsədin həyata keçməsi üçün qısa müddətli atəşkəslə yekunlaşıb. Hazırda əldə olunan atəşkəs sadəcə olaraq humanitar məqsəd daşımaqla qısa müddətli xarakter daşıyır. Hər iki tərəf ölü və yaralılarını ərazilərdən çıxarmaq üçün qısa müddətli atəşkəsə razılaşıblar. Atəşkəs də məhz bu məqamı ifadə edir”.
Ekspert qeyd edir ki, Moskvanın Kiyevdən tələb etdiyi bir sıra tələblərlə Ukraynada hətta rusiyayönümlü qüvvələr hakimiyyətə gəlsələr belə, razı olmayacaqlar:
"Kreml Krımın Rusiya ərazisi kimi tanınmasını tələb edir. Amma Kiyev buna getsə, bütövlükdə beynəlxalq hüquqi sistemdə də öz legitimliyinə şübhələr yaradacaq. Bildiyiniz kimi, indiki halda Ukrayna Qərbdən silah və hərbi texnika alır, habelə xarici legionerlər bu ölkəyə gəlib”.
T. İsmayılovun fikrincə, iki ölkə arasında münasibətlərin normal məcraya gəlməsi üçün çoxsaylı görüşlər keçirilməlidir:
"Bu mənada ola bilsin danışıqların növbəti mərhələsində Rusiya hücumu dayandırsa, Ukrayna da öz növbəsində Qərbdən sialh-sursatın alınması, könüllü döyüşçülərin gəlməsini bloklaya bilər. Amma danışıqlara baxmayaraq, savaş hələ bir müddət davam edəcək. Yekunda müəyyən barışığa gəlsələr də, ondan sonrakı dövr də çətin olacaq. Kiyev beynəlxalq məhkəmələr vasitəsilə Moskvadan dağıtdığı infrastruktura görə təzminat tələb edəcək”.
İkinci danışıqlarla bağlı Kiyevin istədiyi sonucu əldə edə bilmədikləri, əks tərəfin isə irəliləyişlər qət etmələrilə bağlı verdikləri fərqli açıqlamalara gəldikdə, ekspert bildirir ki, Rusiya ildırım sürətli müharibə planından imtina edərək, "B” planına keçib:
"Bu planın əsas hədəfi isə aqressiyanı daha da gücləndirib Ukraynanı Rusiya ilə razılaşmalara təhrik etməkdən ibarətdir. Ukrayna isə Qərbdən ciddi siyasi dəstək alır. Bu hadisələrin baş verməsi fonunda düşünmürəm ki, onlarla belə danışıqlar olsa da, müsbət dəyişikliklər baş versin”.
Rüfət Sultan