Siyasət 13:07 06.06.2022

Ukraynadan taxıl ixracı olmasa, Afrikada yeni müharibələr başlaya bilər

Ukrayna limanlarından Afrikaya taxıl ixrac edilməsə, yeni müharibələr başlaya, yeni dövlət çevrilişi baş verə və Avropaya miqrant axını ola bilər ki, buna yol vermək olmaz. 

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo Neapolda jurnalistlərlə söhbətində xəbərdarlıq edib.

TASS-a görə, o, "Ukrayna limanlarından dərhal taxıl ixrac etməyi" zəruri hesab edir.

İtaliyanın xarici işlər naziri bu ərəfədə "çörək müharibəsini” mümkün qədər tez dayandırmağa çağırıb, əks halda bütün dünyada ciddi mənfi nəticələr ola bilər.

Eyni zamanda, dünən Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın bildirib ki, onun ölkəsi tezliklə Ukraynadan dəniz yolu ilə taxıl daşımağa başlaya bilər. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Ankaraya səfəri zamanı memorandumun imzalanmasının buna töhfə verəcəyinə ümid edir.
Bundan əvvəl Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski ölkə limanlarında 1,5 milyon tona yaxın taxılın bloklandığını bildirib.

Hələ aprelin 20-də Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze Ukrayna hadisələri fonunda dünyada kütləvi aclığın qarşısını almaq üçün qlobal ərzaq təhlükəsizliyi üzrə alyansın yaradılmasını zəruri hesab edib. Onun fikrincə, Ukraynada Rusiyanın hücumu nəticəsində baş verən hadisələr dramatik nəticələrə səbəb olacaq. Nazir xəbərdarlıq edib: "Onilliklərin ən pis qlobal ərzaq böhranı yaxınlaşır və bu böhran xüsusilə Afrika, Yaxın Şərq və Asiyanın ən yoxsullarını vuracaq".

Mayın 24-də isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moskvanı nüfuz qazanmaq üçün aclıq və taxıldan sui-istifadə etməkdə günahlandırıb. AK rəhbərinin fikrincə, "şantajın panzəhri” ərzaq təchizatı sahəsində qlobal əməkdaşlıq ola bilər.

Bu arada prezident Vladimir Putin Qərbin Rusiyanın Ukrayna taxılının ixracına "icazə verməməsi” ilə bağlı ittihamlarını rədd edib.
 
Alpər