
Azərbaycan yığmasının may-iyun aylarında keçirəcəyi təlim-məşq toplanışı zamanı 3-cü rəqibi Ukrayna millisi ola bilər.
Qaynarinfo.az xəbər verir ki, bu barədə "Futbol" jurnalının baş redaktoru və Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsinin üzvü Artyom Frankov bildirib.
O bunu dünən keçirdiyi mətbuat konfransında söyləyib: "Moldova ilə oyunumuz sual altındadır. Mümkündür ki, onları Azərbaycan əvəzləsin".
Belə ki, FİFA meneceri matç təşkili üçün 140 min, digər şirkət isə 80 min avro istəyir. Ancaq Moldova Futbol Federasiyası artıq menecerlə müqavilə bağladığı üçün qərar qəbul edə bilməz. UFF isə üzərlərinə düşən 70 min avronu çox bildiyindən, iyunun 6-da keçiriləcək Moldova ilə oyun keçirilməyə bilər.
Qeyd edək ki, Ukrayna millisi Avropa çempionatından öncə İtaliya və İsveçrədə təlim-məşq toplanışı keçirəcək. Mayın 29-da Torinoda Rumıniya, iyunun 3-də isə Berqamo şəhərində Albaniya ilə yoxlama oyunları nəzərdə tutulub. Ukrayna İtaliyadan sonra İsveçrənin Askona bölgəsində toplanış keçəcək ki, bu da Avstriyada hazırlıq keçəcək millimizə bu komanda ilə oynamaq imkanı yaradır.
Onu da bildirək ki, Ukrayna Avropa çempionatındakı ilk matçını iyunun 12-də Lill şəhərində Almaniyaya qarşı keçirəcək. AFFA ilə UFF arasında razılaşma olarsa, ukraynalılar Azərbaycana dünya çempionlarına qarşı son hazırlıq matçı kimi baxacaqlar.
Qaynarinfo.az