Xəbər lenti

Ukraynanın parçalanması planı mövcuddurmu? - Politoloq
Siyasət08:10 16.06.2022

Ukraynanın parçalanması planı mövcuddurmu? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna savaşı uzanır. Müharibənin uzanması orta statistik avropalıya birbaşa mənfi təsir göstərir. Elə bu səbəbdən də, Qərb dairələri Kiyevi "ərazi güzəştləri”nə razı salmaq üçün səy göstərirlər. ABŞ dövlət katibi Entoni Blinken PBS telekanalına müsahibəsində bildirib ki, Ukrayna xalqı və hökuməti ərazi güzəştlərinin mümkünlüyü ilə bağlı öz qəralarını verməlidir. Ardınca, Blinken əlavə edib ki, ABŞ Kiyevə öz mövqeyini təlqin etməyəcək və ukraynalıların seçimini dəstəkləyəcək. 
Qərbin belə mövqeyi yeni deyil. Blinkendən əvvəl, iyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanın ərazi güzəştlərinin mümkünlüyü barədə danışıb. NATO-nun baş katibinin sözlərinə görə, müharibənin dayandırılması və sülh mümkündür:"Yeganə sual odur ki, bu, Kiyevə nəyin hesabına başa gələcək.
NATO Ukraynaya ona görə kömək edir ki, bu ölkə az  itki versin. NATO hərbi əməliyyatlara son qoymalı olan Rusiya ilə danışıqlar masasında Kiyevə güclü mövqe qazanmaq üçün kömək etmək niyyətindədir”, - Stoltenberq bildirib. 
Daha əvvəl isə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer də anoloji fikirləri səsləndirmişdi. O qeyd etmişdi ki, Ukrayna ərazi güzəştinə hazır olmalıdır. 
Xatırladaq ki, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da may ayının sonlarında Qərb siyasətçilərinin Kiyevə ərazilərin bir hissəsini Moskvaya verməyi təklif etdiyini bildirmişdi. Bu açıqlamalar onu deməyə əsas verir ki, Qərb artıq Kiyevə Moskvaya müəyyən güzəştlərə getməyin vacib olduğunu anlatmağa çalışır. Qərb mövcud vəziyyətdə dərk edir ki, Rusiyanı tam şəkildə Ukraynadan çıxarmaq qeyri-mümkündür. Bu müstəvidə də Kiyevə mesaj verir ki, müəyyən itkilərə getmədən prosesdən çıxmaq mümkünsüzdür. Onlar sadəcə itkilərin az olmasını, heç olmasa status-kvonun 24 fevraldan əvvəlki vəziyyətə qayıtmasını istəyirlər. Amma indiki şəraitdə bu da mümkün deyil. Kreml çətin ki, 24 fevraldan əvvəlki vəziyyətə qayıtmaqla razılaşsın. Onlar ən azından Donbas və Luqansk vilayətlərinin tam olaraq Kiyevdən qopmasını tələb edəcəklər. Əslində, mövcud vəziyyət prosesin məhz bu istiqamətdə gedəcəyini deməyə əsas verir. Rusiya çətinliklə də olsa, müəyyən əraziləri işğal edə bilib. Həmin ərazilərdən onun hərbi güc vasitəsilə çıxarılması isə daha çətin prosesdir. Bunu Qərbdə də gözəl anlayırlar. Onlar üçün müharibənin uzanması daha acınacaqlı ola bilər. Məhz bu amili nəzərə alaraq Qərb Kiyevin müəyyən güzəştlərə getməli olduğunu bildirir. Digər tərəfdən, ola bilsin bu əvvəlcədən Vaşinqtonla Moskva arasında hazırlanmış planın tərkib hissəsidir.İstisna deyil ki, öncədən Ukraynanın parçalanması ilə bağlı gizli müzakirələr aparılıb. 
Qeyd edək ki, tarixdə belə hadisələr çox olub. İkinci dünya müharibəsinin nəticəsi olaraq Almaniya iki hissəyə - ADR və AFR-ə bölündü. Yalnız 1990-cı ildə Almaniya birləşə bildi.  Asiya qitəsində yerləşən Vyetnam da bir zamanlar məhz SSRİ ilə ABŞ-ın təsir dairələrinə bölünmüşdü. Hazırda, Şimali Koreya ilə Cənubi Koreya da məhz Vaşinqtonla Moskva arasında gedən mübarizənin nəticəsi olaraq iki yerə parçalanıb. Yəni, bu ölkələrdə vaxtilə baş verən parçalanmalar məhz Rusiya ilə ABŞ arasında baş verən çəkişmələrin nəticəsidir. Bu müstəvidə Ukraynanın da eyni aqibətlə üz-üzə qala biləcəyi ehtimalı mövcuddur. Hər halda, indiki durumda Kiyev nə qədər mübarizə aparsa da, onun işğala tam olaraq son verə biləcəyi ağlabatan görünmür. 
Məsələ barədə Qaynarinfo-ya fikirlərini bölüşən siyasi icmalçı Fərhad Məmmədov bildirir ki, belə açıqlamaları gündəmə gətirməklə Qərb məsuliyyəti Ukraynanın üzərinə atmaq istəyir:
"İndiki mərhələdə Qərbin əsas məqsədi müharibənin dayandırılmasıdır. Amma bu istiqamətdə Qərbin özü də parçalanıb, Avropa müharibənin dayandırılmasını istəsə də, Vaşinqton əksini düşünür. Avropa anlayır ki, müharibənin uzanması savaşın NATO üzvü olan ölkələrə keçməsi ehtimalını da artırır. Digər tərəfdən, Avropada əlavə xərclərə ehtiyac yaranıb. Avropa anlayır ki, belə vəziyyət əhalinin ciddi narazılığı və populistlərin hakimiyyətə gəlməsinə gətirib çıxara bilər. Ona görə də indi onlar sülh haqqında deyil, atəşkəs barədə düşünürlər”.
Həmsöhbətimiz deyir ki, mövcud vəziyyətdə atəşkəsin elan edilməsi isə Rusiya üçün hazırda tutduğu ərazilərdə möhkəmlənməsi demək olardı:
"Moskva elə addımlar ata bilər ki, daha sonra indi tutduğu ərazilər haqqında digərlərinin danışması artıq gec olsun. Xerson¸Zaporejye, Donbası Rusiya ərazisinə qata bilərlər. Ona görə də indiki halda Avropa və Rusiya atəşkəsin olmasında maraqlıdır. Avropa liderlərinin Kiyevə olan səfərləri də əsasən məhz bu məqsədlədir”. 
Ukraynanın da vaxtilə Almaniya, Vyetnam və Koreya yarımadasının parçalanması aqibətini təkrarlaya biləcəyinə gəldikdə, ekspert bu variantı da istisna etmir:
"İndiki vəziyyətdə Ukraynada cərəyan edən proseslərin 20-30 yaxın inkişaf ssenariləri mövcuddur. Onlardan biri də məhz Ukraynanın Rusiya ilə ABŞ arasında parçalanması ssenarisidir. Atəşkəsin elan olunması isə inkişaf ssenariləri üzrə 30-dan çox olan variantı 5-6-ya qədər məhdudlaşdıracaq. Bu fonda ölkənin bölünməsi  variantının mümkünlüyü də artır”.
Rüfət Sultan