"Fikrimcə, Ukrayndakı mövcud gərginlik Rusiyanı Donetsk və Luqansk məsələsində müəyyən həllə razı salmağa hədəflənib”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisində yaratdığı münaqişələrdə mövcud status-kvonun dəyişməsini istəmir:
"Rusiya Donetsk və Luqanskı faktiki olaraq tutub, təkliflərə və güzəştlərə razı olmur. İndi vəziyyəti gərginləşdirib, Rusiyanı müəyyən həllə məcbur etmək istəyirlər. Hər halda vəziyyəti sükunət halından çıxarmağa çalışırlar. Bəlkə də hansısa güclü hərbi əməliyyat keçirib, müəyyən itkilər hesabına Rusiyanı başa salsınlar ki, sonsuzluğa qədər məsələni bu vəziyyətdə saxlamaq olmaz…”
Rusiya tərəfindən Jirinovski başda olmaqla bir çox tanınmış şəxslərin Ukraynanın tamamilə işğal edilməsi ilə bağlı səslənən fikirləri ciddi qəbul etmədiyini deyən Zərdüşt Əlizadə hesab edir ki, Donetsk və Luqansk məsələsi Qərblə Putin arasında alver predmetidir:
"Jironovski qələt edir. O, FSB-nin danışan dilidir. Rusiya hakimiyyəti də FSB deyil. FSB-nin işi təxribatlar etmək və məlumatlar toplamaqdır. Qərblə Putin arasında hansısa alver gedir. Amma Ukraynanın işğal olunmuş ərazilərini azad etməyə tam qanuni hüquqi var. Necə ki, Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini azad edə bildi. Bizim bəxtimiz onda gətirdi ki, Ermənistanın havadarları, ABŞ başda olmaqla Qərb ölkələri hamısı öz işləri ilə məşğul idi və Rusiya da Ermənistandan incimişdi. Ukraynaya da Donetsk və Luqansk məsələsində Qərbin dəstəyi var. Amma Qərbin Ukraynaya görə Rusiya ilə hərbi toqquşmaya gedəcəyi sual altındadır. Və buna nə qədər hazır olduğunu da demək çətindir”.
Krim məsələsinin Ukrayna üçün bitmiş sayan politoloq bildirir ki, Rusiya dövlət kimi mövcud olduğu sürəcdə Ukraynanın Krım üzərində süverenliyi mümkün görünmür:
"Rusiya Krımı konstitusiyasına salıb və qanuni ərazisi sayır. Ukrayna gərək Krımı unutsun və ya Rusiyanın dövlət olaraq dağılmasını gözləsin”.
Ukraynanın Qərb ölkələri üçün həyati strateji əhəmiyyəti olmadığını vurğulayan Zərdüşt Əlizadənin sözlərinə görə, NATO-nun Rusiya ilə birbaşa hərbi toqquşmaya gedəcəyi inandırıcı deyil:
"Qərbin əsas məqsədi Rusiyanın qonşuları ilə münasibətləri barışmaz düşmənçilik səviyyəsinə qaldırmaqdır. Son Qarabağ müharibəsində Türkiyə açıq şəkildə bəyan edirdi ki, üçüncü tərəf münaqişəyə müdaxilə eləsə, dördüncü tərəf onlar olacaqlar. Bu məsələdə Türkiyə israrlı görünürdü. Ukraynanı bu səviyyədə dəstəkləyən ölkə yoxdur. Söz verə bilərlər. Tofiq Qasımova Rusiyanın təkliflərini qəbul etməmələri müqabilində dəstək vəd etmişdilər. Saakaşviliyə də belə söz vermişdilər. Amma hərbi müdaxilə məsələsində söz verənlər kənarda qaldılar…”
Orxan Əhmədli