Xəbər lenti

Ukraynaya beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir - Deputat
Ekonomiks06:08 04.07.2022

Ukraynaya beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı keçiriləcək donor konfransından danışarkən deyib. Deputat bildirib ki, infrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir:
"Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur. Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri isə 42 milyard olub.  Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib”.
Vüqar Bayramov Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulması və donor konfransının keçirilməsi təqdirəlayiq hal olduğunu vurğulayıb:
"Azərbaycan da Ukraynaya humanitar yardım edən ölkələrdəndir. Savaş başladıqdan sonra Azərbaycan humanitar dəstəklə yanaşı, Ukraynada təcili yardım maşınlarını da pulsuz yanacaqla təmin edirdi. Ölkəmizin ərazisinin 20 faizə yaxını müharibə nəticəsində tamamilə dağıdılıb. 30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub. Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir”.
Deputat bildirib ki, son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb:
"Azərbaycan heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa edir və yenidən qurur. Bununla yanaşı, Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət qədər böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək. Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir. Halbuki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına olacaq dəstək eyni zamanda regionadakı təhlükəsizliyin formalaşması və güclənməsi baxımdan da vacibdir”.
Bahar Rüstəmli