Dünya 19:14 13.07.2022

Ukraynaya silah tədarükü niyə gecikib? - Sloveniya günahı boynuna götürdü

Sloveniya Ukraynaya silah tədarükünün gecikməsinin bir hissəsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Sloveniyanın yeni baş naziri bildirib

Almaniya Ukraynaya silahı Şərqi Avropa dövlətləri ilə mübadilə vasitəsilə verir. Modernləşdirilmiş almaniya silahları müqabilində Şərqi Avropa ölkələri Ukraynaya öz sovet tanklarını tədarük edir.

Almaniya tədarüklərin yavaş tempinə görə ağır tənqidlərlə üzləşəndən sonra Sloveniyanın yeni Baş naziri Robert Qolob gecikmələrə görə günahın bir hissəsini öz üzərinə götürüb.

Qolob Berlinə səfəri zamanı bildirib ki, Almaniya və Sloveniya arasında zəncirvari mübadilə sazişi ilə Ukraynaya silah çatdırılmasında gecikmə Lublyanada hökumətin formalaşması prosesinə görə olub. 

Qolob və hökuməti apreldə Sloveniyada keçirilən parlament seçkilərindən sonra iyunun əvvəlində vəzifəyə başlayıb.

"Təəssüf ki, bu, bir qədər uzandı, çünki burada hakimiyyət dəyişikliyi gedirdi. Ancaq biz qətiyyətlə işi nəzarətə götürdük və artıq Ukraynaya bir partiya tank göndərmişik”,- o deyib. 

Qolob Almaniya ilə silah tədarükü ilə bağlı gələcək əməkdaşlıqla bağlı danışıqları sürətləndirməyə söz verib.

Almaniya kansleri Şolz isə "tez irəliləyiş əldə etməliyik" deyə razılaşıb. 

Nurlan Hüseynov