Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard ABŞ dolları və ya 0,8% artaraq 85,8 milyard ABŞ dollarına çatıb.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib ki, mövcud strateji valyuta ehtiyatları ölkənin 40 aylıq idxalını qarşılamağa kifayət edir və geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.
Bəs "40 aylıq idxalı qarşılayır" ifadəsi nə deməkdir? Bu göstərici ölkə iqtisadiyyatı və vətəndaşlar üçün hansı əhəmiyyət daşıyır?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu göstərici ölkənin xarici maliyyə dayanıqlığını əks etdirən əsas indikatorlardan biridir. Ekspertin sözlərinə görə, 40 aylıq idxal göstəricisi ölkənin orta aylıq idxal həcminin strateji valyuta ehtiyatları ilə müqayisəsi əsasında hesablanır:
"Orta aylıq idxal həcmi götürülür və strateji valyuta ehtiyatları həmin məbləğə bölünür. Nəticədə məlum olur ki, hazırkı ehtiyatlar, əgər ölkəyə başqa valyuta gəliri daxil olmasa belə, Azərbaycanın mövcud idxalını 40 ay ərzində maliyyələşdirməyə kifayət edər. Sadə dillə desək, dövlətin əlində olan vəsait ölkənin xaricdən aldığı malların dəyərini təxminən 40 ay ödəməyə imkan verir".
İqtisadçı qeyd edib ki, bu göstərici vətəndaşlara birbaşa təsir etməsə də, ölkənin maliyyə sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu, dövlətin maliyyə imkanlarının və makroiqtisadi sabitliyinin göstəricisidir. Vətəndaş üçün əsas mesaj ondan ibarətdir ki, ölkənin idxalı maliyyələşdirmək üçün kifayət qədər valyuta ehtiyatı var. Bu isə iqtisadi sabitlik baxımından vacib amildir".
Xalid Kərimlinin sözlərinə görə, əgər ölkənin strateji valyuta ehtiyatları idxalı maliyyələşdirmək üçün kifayət etməsəydi, bunun iqtisadiyyata mənfi təsirləri qaçılmaz olardı:
"Belə vəziyyətdə milli valyuta kəskin dəyər itirə, inflyasiya arta və digər makroiqtisadi problemlər yarana bilərdi. Mövcud göstərici isə Azərbaycanın güclü maliyyə ehtiyatına malik olduğunu və mümkün xarici şoklara qarşı dayanıqlığını göstərir".
Günay İlqarqızı
Şərhlər