
Bir müddət öncə müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifədən uzaqlaşdırılan və sabiq müdafiə naziri Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general Vaqif Məmmədovla bağlı yeni məlumatlar yayılıb.
Məlumatda bildirilir ki, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışan V.Məmmədov əvvəllər nazirliyin ayrı-ayrı əməkdaşlarına, onların rəhbərlik etdiyi strukturlara qarşı sayğısızlıq, qarayaxma əməliyyatlarına başçılıq edib. Döyüş bölgələrində qeyri-döyüş şəraitində əsgərlərimizin itkilərində də general V.Məmmədovun səriştəsizliyi əsas götürülür. Ona görə də müdafiə naziri Zakir Həsənovun bu dəyişikliyi ordunun zabit heyəti tərəfindən məmnunluqla qarşılanıb: “Təsadüfi deyil ki, döyüş bölgələrində olan zabitlər dəfələrlə generalın əməllərindən nazirliyə şikayət ediblər. Belə hadisələrdən biri də Beyləqanda bir qrup zabitin mətbuata video-müraciəti olmuşdu. Həmin müraciətdən sonra V.Məmmədovun rəhbərliyi ilə aparılan araşdırmada zabitlərin “haqsız” olduğuna qərar verildi, sabiq nazir məqsədli şəkildə aldadıldı".
Məlumatda o da bildirilir ki, V.Məmmədovun vəzifəsini itirməsinin səbəbləri arasında, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovla bağlılığı da xüsusi yer tutur. Belə ki, V.Məmmədov məhz A.Aslanovun himayəsi sayəsində əvvəlcə polkovnik, daha sonra isə general rütbəsinə yüksəlib.
V.Məmmədov yeni nazirin təyinatından sonra A.Aslanovla əlaqələrini inkar etməyə çalışsa da, buna nail olmayıb,- mənbə bildirib.
Müdafiə Nazirliyindəki mənbələrdən verilən digər məlumatda isə deyilir ki, general-mayor Vaqif Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasının arxasında böyük ehtimalla Nəcməddin Sadıkov dayanır. Məlumata görə, V.Məmmədov vəzifə pillələrini sabiq müdafiə nazirinin sayəsində qalxsa da, sonradan S.Əbiyevi tərk edərək qarşı cəbhəyə keçib. Yeni nazirin ilk təqdimatının ardından ona verilən yeni vəzifə də məhz V. Məmmədovun qarşı tərəfə göstərdiyi xidmətlərlə bağlı olub. Amma bundan şirinikləşən V.Məmmədovun gözü, çox güman ki, yuxarılarda qalıb, yəni Nəcməddin Sadıkovun yerində.
İddia edilir ki, Nəcməddin Sadıkovun Vaqif Məmmədovu bağışladığı və ya əməllərini unutduğunu düşünmək sadəlövhlük olardı: "Sözsüz ki, Nəcməddin Sadıkov “baş zampalitin” keçmiş xətalarını xatırlamaya bilməzdi və gözləmədiyi halda ona birdəfəlik əks və həlledici zərbəsini endirməli idi. Məhz buna görə Vaqif Məmmədov zorən məzuniyyətə göndərilib və bununla da, postuna “əlvida” deməyə məcbur olub".
Mənbə bildirir ki, sözügedən generallabağlı avrasiya.net saytının verdiyi məlumat isə daha ciddi düşünməyə əsas verir: "V. Məmmədov 1993-cü ildə Gəncə qiyamı üzərində Azərbaycanda dövlət çevrilişinə cəhd edən Surət Hüseynovun yaxın dostu “Vinzavod Şəmsi” (o vaxtkı Xanlar, indiki Göy-göl rayonunda Şərabçılıq zavodunun direktoru olmuş Şəmsi) ləqəbli birinin qohumudur. “Vinzavod Şəmsi” isə vətənə xəyanətdə ittihamlanaraq həbs edilib. Əldə etdiyimiz məlumatlara görə, ömürlük məhbus generalın həyat yoldaşının dayısıdır və V. Məmmədovun karyera irəliləyişlərində, böyük ehtimalla, az xidmətlər göstərməyib".
AzNews.az-a daxil olan məlumata görə isə, məzuniyyətə göndərilməsi adı ilə vəzifəsindən kənarlaşdırılan Vaqif Məmmədov nazirlikdəki kadr dəyişiklikləri ilə bağlı xəbərlərin mətbuata çıxmasında şübhəli bilinib: "Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general keçmiş “şef”i işdən çıxarılandan sonra mediaya yol tapan məlumatları bəzi şəxslərin vasitəsilə KİV-ə ötürürmüş.
Yəni bəzi ekspertlərə səxavətlə ötürülən informasiyalar Vaqif Məmmədovun şinelindən çıxırmış. Hansı ki, həmin ekspertlər məlum informasiyaları verməklə paralel olaraq Vaqif Məmmədovun qarşısında rəqib gördüyü Nəcməddin Sadıkovu hər addımbaşı vururdu".
Məlumata görə, Vaqif Məmmədovun «vurulmasında» yeni nazir də maraqlı olub. Çünki Zakir Həsənov, V. Məmmədovun vaxtilə onu general rütbəsinə qədər daşıyan Səfər Əbiyevi bir qələmlə sildiyini görüncə, sabah onu da bir saniyənin içində siləcəyini başa düşüb. Ancaq son vaxtlar mediyaya sızan bəzi məlumatlar vəziyyətin daha fərqli, daha mürəkkəb xarakter almasından xəbər verir. Belə ki, vəzifə pillələrində sürətlə irəliləyən V. Məmmədov sabiq nazirin vaxtilə ona göstərdiyi qayğı və diqqətin müqabilində köhnə borclarından çıxmaq üçün böyük ehtimalla Müdafiə Naziliyinin rəhbərliyinə qarşı mediaya ayaq açan məlumatlarda vasitəçi rolunu oynayır və bunu sabiq şefinə sədaqət əlaməti olaraq həyata keçirir. Hər halda, sabiq nazirin V.Məmmədovun hətta həbs təhlükəsindən qoruması deyilənlərin reallığa nə dərəcədə yaxın olduğunu təsdiq edən kifayət qədər düşündürücü faktlardandır...
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info