Siyasət 14:30 04.08.2023

Vaqif Xaçaturyanı hansı cəza gözləyir? - Ekspert

Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 29 iyul 2023-cü il tarixində Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanla görüşüb. Ombudsman və onun İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq olan ekspertlərinin də iştirak etdiyi görüş zamanı V. Xaçaturyanın müraciəti dinlənilib. 

Maraqlıdır, Meşəli kənd sakinlərinə qarşı törədilən soyqırımı cinayətini planlaşdıranlardan biri olan Vaqif Xaçaturyanla görüş cəmiyyət arasında necə qarşılanacaq, buna reaksiyalar necə olacaq? Ümumiyyətlə, 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədənlərdən biri olan erməniyə hansı cəza düşür? 

Məsələni Qaynarinfo-ya şərh edən siyasi ekspert Arif Əliyev qeyd edib ki, sərhəddə saxlanılmış Vaqif Xaçaturyanın cəzası Azərbaycan qanunvericiliyi və hüquq mühafizə orqanları tərəfindən müəyyənləşəcək. 
 


"Bu, bizim hisslərimiz, emosiyalarımız, düşüncələrimiz əsasında həll olunası məsələ deyil. Ombudsman və Milli Preventiv Qrupunun onun saxlanma şəraiti ilə yaxından tanış olması həm gözlənilən, həm də təqdirəlayiq haldır. Nəzərə almalıyıq ki, bu məsələ yalnız Azərbaycan ictimaiyyətinin marağında olan bir iş deyil, həm də dünya ictimaiyyətinin diqqət yetirdiyi məsələdir. Proses nə dərəcədə şəffaf, nə dərəcədə qanunauyğun aparılacaqsa, biz də bir o qədər  üstünlük əldə edəcəyik. Söhbət təkcə bu məsələnin hüquqi əhəmiyyətindən, ədalətin bərpa olunmasından getmir, söhbət həm də ondan gedir ki, biz ən azı Meşəli faciəsi haqqında real faktları, geçərkliyi bir daha beynəlxalq aləmə nümayiş etdirə bilərik. Dünyaya göstərə bilərik ki, Azərbaycanın atdığı addımların hamısının arxasında hüquq dayanır",- deyə A.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçaturyan Vaqif Çerkezoviç 29 iyul 2023-cü il tarixində Laçın keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılıb. 

Röya Kərimli