Xəbər lenti

“Vardanyan Qarabağı tərk etməsə, Bakı “dəmir yumruq”la onu qovacaq” - Politoloq
Siyasət11:28 21.02.2023

“Vardanyan Qarabağı tərk etməsə, Bakı “dəmir yumruq”la onu qovacaq” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, Ruben Vardanyan ərazini tərk edərək, birdəfəlik Qarabağdan gedəndən sonra Bakı oradakı ermənilərlə qarşılıqlı əlaqələrə başlamağa hazırdır:
"Biz bunu Rusiya vətəndaşı, kriminal oliqarx, çirkli pulların yuyulmasında əli olan Vardanyan Azərbaycan ərazisindən çıxarılacağı təqdirdə edəcəyik. Biz Qarabağın erməni azlığı ilə danışmağa hazırıq. Rusiyadan ora ixrac edilənlər, gizli atılanlarla deyil, yalnız Qarabağda anadan olan və yaşayanlarla danışmağa hazırıq”. 
Erməni mətbuatı da yazır ki, yaxın zamanlarda Vardanyan istefa verməli olacaq. 
Azərbaycan məsələnin sakit tərzdə həllində  maraqlıdır. Bunun üçün isə Vardanyan qondarma rejimin saxta "dövlət naziri” postundan könüllü şəkildə "istefa verib", Azərbaycan ərazisini tərk etməlidir. Bu baş verməsə, istər-istəməz Azərbaycan növbəti antiterror əməliyyatına başlaya bilərmi? 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Vardanyan cinayətkar dəstələrilə bərabər silaha əl atsa, Azərbaycan onlara qarşı antiterror əməliyyatına başlayacaq:
"Vardanyanın istefa verib-verməməsi qeyri-legitim anlama gəlir. Çünki onun heç bir rəsmi səlahiyyəti yoxdur. Digər tərəfdən, onun heç bir dövlətçilik ətrafı da yoxdur. Özünü "dövlət naziri” elan edib. Hansı dövlətin naziridir? Mifik, olmayan bir dövlətin naziri. Deməli, Vardanyan, ruslarda deyildiyi kimi, "samozvanets”dir. Odur ki, onun heç bir səlahiyyəti yoxdur. 
Vardanyanın vəziyyəti gərgindir. Ermənilər anklav vəziyyətindədir. Vardanyan çıxılmaz vəziyyətə düşüb banditlərilə bərabər silaha əl atsa, Azərbaycan onlara qarşı antiterror əməliyyatına başlayacaq. Vardanyan köhnə bazara təzə müdir kimi gəlib. Çalışır ki, özünü yüksək tonda təqdim etsin. Ona görə də, orada guya sosial rifahı qadıracağı ilə bağlı vədlər verir. 
Vardanyanın əsas ümidi oğurladığı vəsaitlərdədir. Bunun hesabına elə bilir ki, hər istədiyi işi edə biləcək. Amma elə deyil. Vardanyan Azərbaycan ərazisində öz imkanlarını ifadə edə bilməyəcək. Azərbaycan ərazisində onun heç bir perspektivi, çıxış yolu yoxdur. O, ancaq yerində addımlayacaq. Bunu istəyirsə, dustaq kimi qalsın orada. Amma əvvəl axır Qarabağda yaşayan ermənilər özləri Vardanyanı oradan rədd edəcəklər”. 
Rüfət Sultan